Azərbaycan-Çin Universitetinin açılması ölkəmizə Şərq təhsilinin təcrübəsini gətirə bilər – ekspert

Bakı, 24 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Prezidentin Çin rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanması Azərbaycanın beynəlxalq nüfuzunun və Çinlə əməkdaşlığa verilən önəmin göstəricisidir. Səfər çərçivəsində elm və təhsil sahələrində əməkdaşlıq da diqqət mərkəzində olub. Xüsusilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında imzalanan əməkdaşlıq protokolu gələcəkdə ortaq layihələrin və təşəbbüslərin həyata keçiriləcəyindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib. O bildirib ki, Çin dünyanın aparıcı təhsil sistemlərindən birinə malikdir: “Bu ölkənin Azərbaycan təhsilinə maraq göstərməsi və birgə layihələrdə iştirak etməsi böyük önəm daşıyır. Artıq Azərbaycan təhsil sistemi ciddi islahatlarla inkişaf yoluna çıxıb. Avropa və türk təhsil modelləri ilə inteqrasiya həyata keçirilir, bir sıra beynəlxalq universitetlər Azərbaycanda fəaliyyət göstərir. Məsələn, Fransanın UFAZ Universiteti, Rusiyanın Seçenov və Lomonosov universitetlərinin Bakı filialları, ADA Universiteti nəzdindəki İtaliya-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universiteti bu sahədəki uğurlu əməkdaşlıq nümunələridir. Bundan əlavə, müxtəlif ölkələrlə ikili diplom və hökumətlərarası təqaüd proqramları da Azərbaycan gənclərinə geniş imkanlar yaradır. Bütün bu təşəbbüslər ölkəmizin qlobal təhsil məkanına inteqrasiyasını gücləndirir”.
Ekspert qeyd edib ki, Çinlə imzalanan təhsil sazişləri yaxın gələcəkdə Azərbaycan-Çin Universitetinin yaradılmasına yol aça bilər: “Hazırda Azərbaycan universitetlərində Çin dili və Çin üzrə regionşünaslıq ixtisaslarının tədris olunması gənclərimizin bu ölkəyə olan marağını nümayiş etdirir. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində Çində də Azərbaycan dili, mədəniyyəti və regionşünaslığı üzrə ixtisasların bərpası mümkün ola bilər.
Yeni qurulacaq Azərbaycan-Çin Universiteti təhsildə keyfiyyətin artırılması, elmi araşdırmaların genişlənməsi və tələbələr üçün yeni imkanların yaradılması baxımından önəmli addım olacaq. Bu, həm də Şərq ölkələrinin qabaqcıl təhsil təcrübəsinin ölkəmizdə tətbiqinə təkan verəcək.
İki ölkə arasında münasibətlər yalnız təhsil və elm sahəsi ilə məhdudlaşmır. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunları çərçivəsində keçirilən “Azərbaycan Günü”, 2011-ci və 2012-ci illərdə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri və son səfərdə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə Nizami Gəncəvinin büstünü hədiyyə etməsi iki ölkə arasında mədəni və dostluq əlaqələrinin dərinliyini göstərir.
Bu addımlar Azərbaycan və Çin arasında əlaqələrin yalnız bugünkü deyil, həm də gələcək inkişafı üçün möhkəm əsas yaradır. Yeni qurulacaq universitet isə bu münasibətlərin təhsil sahəsindəki simvolu olacaq”.