İQTİSADİYYAT
Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasından 27 il ötür
Bakı, 15 iyul, AZƏRTAC
Diplomu dünyanın 170-dən çox ölkəsində tanınan ASCO-nun - Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasından 27 il ötür.
AZƏRTAC xəbər verir ki, respublikamız dəniz ölkəsi olduğundan yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin əhəmiyyətini çox gözəl bilən uzaqgörən ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.
Yarandığı ilk gündən Akademiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul edildiyi Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək BDT tərəfindən qəbul olunub. Akademiya 012 nömrəsi altında dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib.
Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.
Azərbaycan Dövlət Dəniz Akademiyasında keyfiyyət sahəsində siyasət tədrisdə, təlim-trenajor mərkəzləri, dəniz nəqliyyatı mütəxəssislərinin təlimi və trenajor hazırlığı üzrə xidmətlərin yerinə yetirilməsi qaydasına və keyfiyyətə qoyulan tələbləri tənzimləyən beynəlxalq və milli standartların, norma və qaydaların şərtsiz yerinə yetirilməsinə əsaslanır və Akademiyada işlərin təşkilinin bütün səviyyələrini əhatə edir. Keyfiyyət sahəsində siyasət Akademiyada effektiv fəaliyyət göstərən keyfiyyətin menecmenti sisteminə əsaslanır.
Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyir və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilir. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.
2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Azərbaycan Dövlət Dəniz Akademiyasının Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-ın uyğunluq sertifikatını əldə edib. Bütün bunlar ixtisas və dənizçi hazırlığı üzrə xidmətlərin beynəlxalq və milli standartlara cavab verməsini təmin edir.