Azərbaycan dövləti istənilən təxribatın qarşısını ən qətiyyətli şəkildə almaq gücündədir - Politoloq
Bakı, 13 aprel, AZƏRTAC
Ermənistan Cənubi Qafqazda sülh münasibətlərin tənzimlənməsini manipulyator davranışları və bölgədə sülhün təmin olunmasına qarşı davranışları ilə sabotaj xarakterli bəyanatlarla bütün prosesi demək olar ki, bloklamaqdadır. Xüsusilə də 10 noyabr Bəyanatı imzalandıqdan sonra keçirilən bir sıra görüşlərdə əldə olunan razılaşmalar və tərəflərin üzərinə götürdüyü öhdəliklərdən yayınma istiqamətində atılan davranış aqressiv münasibət, əsassız iddialarla çıxışlar Ermənistanın sülh prosesinə hazır olmadığını və bölgədə sülhü təhdid edən əsas qüvvə rolunda çıxış etdiyini deməyə imkan verir. Xüsusilə də nəzərə alsaq ki, Ermənistan tərəfindən bölgəmizdə davamlı şəkildə təxribatlar törədilir. Ermənistan-Azərbaycan sərhədində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında mövcudluğunu hələ də qoruyan Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən təxribatların ardı kəsilmir. Bunlar onu göstərir ki, Ermənistan havadarlarının dəstəyi ilə bölgədə 44 günlük Vətən müharibəsi ilə yaranmış reallıqları dəyişmək, yeni şərtlər formalaşdırmaq və bu şərtlər altında danışıqlar prosesinə başlamaq istəyib. Ötən ilin sonlarında Avropa İttifaqının uzunmüddətli missiyasının Ermənistana səfər etməsi o zaman da qeyd etdiyimiz kimi bölgədə sülhə deyil, Ermənistanın daha aqressiv davranışlarına kömək edəcək əsaslar yaradacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, əslində bu gün bölgədə sülhü, əmin-amanlığı və qarşılıqlı inam mühitinin formalaşması istiqamətində atılan addımları təhdid edən məhz Ermənistan və hərbi siyasi rəhbərliyidir. Ermənistana dəstək verən isə kənar güclərdir. Ermənistanın cinayətkar davranışları bölgədə sülhün təmin olunmasına çox ciddi zərbələr vurur. Eyni zamanda, məhz belə kənar güclərin bölgədə qaranlıq maraqlarını həyata keçirmək istəyən dairələrin dəstəyi ilə Ermənistanın siyasi hakimiyyəti özünü daha arxayın, daha rahat hiss etməyə başlayırdı. Məhz bölgə maraqlarına zidd dəstəyin nəticəsidir ki, bu gün Paşinyan və onun komandası daha sərt ritorika nümayiş etdirməyə, Azərbaycanla uyğun olmayan şərtlər daxilində danışmağa başlayıb. Çox təəssüf ki, bu ritorikanın bölgədə sülhü təhdid etdiyini bilə-bilə bir çox kənar güclər, Qərb dairələri Ermənistana təzyiq etmək əvəzinə, onun bu davranışlarını dəstəkləyir.
A.Əliyev bildirib ki, aprelin 11-də Azərbaycan Ermənistan sərhədində Laçın rayonu ərazisində baş verən təxribatlar bu ölkənin sülh danışıqlarına necə yanaşdığını, qeyri-səmimi olduqlarını bir daha nümayiş etdirir. Eyni zamanda, beynəlxalq hüququn bir çox prinsiplərini kobud şəkildə pozmaqla 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyanatlarının tələblərini yerinə yetirməkdən yayındıqlarını, Avropanın, Qərbin, Amerikanın bölgəyə təsir imkanlarının genişlənməsi ilə onların dəstəyi nəticəsində daha aqressiv davranışlar nümayiş elədiyini göstərir. Bütün bunlar onu deməyə imkan verir ki, Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyi bölgədə sülh prosesinin təmin olunmasında maraqlı deyil. Onlar yalnız sülh danışıqlarını imitasiya etməklə sülhpərvər görüntü altında özlərinin cinayətkar əməllərini həyata keçirməyə çalışırlar. Bu əməllərdə isə onlara beynəlxalq hüquqdan, demokratiyadan, insan haqlarından ağız dolusu danışan Qərb havadarları, bir sıra bölgə gücləri dəstək verirlər. Amma unudurlar ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə yeni şərtlər formalaşdırıb. Məhz işğal faktının aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yekunlaşan bu prosesdən sonra ölkəmizin haqlı mövqeyi artıq mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən də birmənalı şəkildə qəbul edilib. Azərbaycanın bu haqq yolundan, mövqeyindən heç kim çəkindirə bilməz. Azərbaycanın qətiyyətli iradəsinə qarşı dayana biləcək, bölgəmizdəki prosesləri mənfi istiqamətə yönəldə biləcək ikinci bir qüvvə mövcud deyil. Kənar güclər də Ermənistanı alət etməklə bu prosesin qarşısını almağı planlaşdırmaqları ilə yalnız bölgədə münasibətlərin tənzimlənməsini, sülhün təmin olunmasını gecikdirə bilərlər. Azərbaycanın güclü mövqeyini dəyişə biləcək və ölkəmizi bu yoldan döndərə biləcək gücdə deyillər.
“Erməni cəmiyyəti dərk etməlidir ki, münaqişə mühitinin qorunub saxlanmasına maraqlı olan xarici qüvvələrin əlində alət olmaqla öz ölkələrinə zərbə vururlar. Azərbaycan dövləti, öz xalqına, əsgərinə qarşı istənilən təxribatın qarşısını ən qətiyyətli şəkildə almaq gücündədir və bundan sonra da preventiv addımlarını, qətiyyətli mövqeyini bir daha nümayiş etdirəcək”, - deyə politoloq qeyd edib.