Azərbaycan dünyada cərəyan edən mənfi proseslərə müsbət töhfə verə biləcək təcrübəyə malikdir
Roma, 14 dekabr, AZƏRTAC
İtaliyanın bir sıra xəbər saytları Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda keçirilən konfransla bağlı məqalələr yayıb.
Həmin məqalələrdə Azərbaycandakı mövcud tolerantlıq mühiti təhlil edilir, ölkədə heç zaman dini toqquşmaların, etnik münaqişələrin baş vermədiyi diqqətə çatdırılır.
“Globalist” xəbər portalında yerləşdirilən “Hər kəsin yaşaya biləcəyi bir ölkə” sərlövhəli məqalədə vurğulanır ki, Azərbaycan bütün mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin dostluq şəraitində, bir ailə kimi mehriban yaşadığı model ölkədir. Bu ölkə dünyada cərəyan edən mənfi proseslərə müsbət və konstruktiv töhfə verə biləcək təcrübəyə malikdir.
Müəllif vurğulayır ki, humanitar dəyərlərin böhranı, dözümsüzlüyün artması, müsəlman ölkələrində mövcud gərginliyin fövqəladə vəziyyətə çatması böyük narahatlıq doğurur. Yazıda deyilir: “Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazinin də bildirdiyi kimi, bütün bu mənfi proseslər kontekstində Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr çox önəmlidir. Fond tərəfindən atılan bu addımları müsəlman ölkəsinin müxtəlif dini və mədəni dəyərlərə olan hörmət və diqqət rəmzi kimi qiymətləndirmək lazımdır”.
İtaliyanın “Geopolitica” onlayn jurnalı da Azərbaycandakı mövcud tolerantlıq mühitindən bəhs edib. Qeyd olunub ki, hazırda dini birgəyaşayış, tolerantlıq heç bir dövrdə olmadığı qədər önəmli bir mövzuya çevrilib: “Azərbaycan bu baxımdan tarixi nailiyyət qazanıb. Bu ölkədə müxtəlif dinlərin və sivilizasiyaların nümayəndələri çox rahat şəkildə birgə yaşaya bilirlər. Bu da gələcəyə ümidlə baxmağa sövq edir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma