Azərbaycan-Ermənistan dəmir yolunun bərpası regionda yeni tranzit imkanları açır
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan ilə Ermənistan arasında dəmir yolu nəqliyyatının bərpası Cənubi Qafqaz ölkələri, eləcə də Türkiyə, Rusiya və İran üçün yeni marşrutların açılmasına şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yolları vasitəsilə Ermənistana yük daşınmasına icazə verməsi müdrik və uzaqgörən geosiyasi addım kimi qiymətləndirilməlidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kırıkkale Universitetinin dosenti, siyasi ekspert Merve Suna Özəl Özcan bildirib. O qeyd edib ki, sentyabr ayında Ermənistan nümayəndəsi Ruben Rubinyan ilə Türkiyə nümayəndəsi Sərdar Kılıç arasında Yerevanda keçirilən görüşdən sonra 200 kilometrlik Gümrü (Ermənistan) – Qars (Türkiyə) dəmir yolunun iqtisadi-texniki qiymətləndirilməsinə başlanılıb. SSRİ dövründən mövcud olan bu yol 1993-cü ildən fəaliyyətini dayandırıb. Qarabağın işğalı ilə əlaqədar olaraq Türkiyə qardaş Azərbaycana dəstək məqsədilə Ermənistanla iqtisadi münasibətlərini kəsmişdi. Azərbaycanın işğala son qoyması regionda yeni inkişaf mərhələsinin əsasını qoydu.
Ekspertin sözlərinə görə, Ermənistanın İcevan və Azərbaycanın Qazax rayonları arasında 50 kilometrlik dəmir yolunun bərpa edilməsi regionda yeni Rusiya-Azərbaycan-Ermənistan-Türkiyə-Balkan yarımadasını birləşdirən dəmir yolu dəhlizinin formalaşmasına imkan verə bilər. “Türkiyə bu layihə üzərində işi davam etdirir, onun siyasi və iqtisadi aspektlərini qiymətləndirir”, - deyə Merve Suna Özəl Özcan bildirib.
O əlavə edib ki, bu dəhliz Şərqi Aralıq dənizi regionuna çıxışı da təmin edəcək. Türkiyə və Azərbaycan tranzit ölkələr olmaqla yanaşı, öz məhsullarının ixrac imkanlarını da genişləndirəcəklər. Beynəlxalq nəqliyyat yollarının hər hansı ölkənin ərazisindən keçməsi həmin dövlətə ciddi iqtisadi fayda gətirir. Bu baxımdan, beynəlxalq tranzit daşımalarının inkişafı üçün infrastruktur layihələrinin müasir texnologiyalar əsasında qurulması mühüm əhəmiyyət daşıyır.