Azərbaycan fiziklərinin Türkiyənin elm və təhsil sahəsindəki fəaliyyəti - konfrans
Bakı, 11 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “Azərbaycan fiziklərinin Türkiyə Respublikasının elm və təhsil sahəsindəki fəaliyyəti” adlı beynəlxalq elmi-praktik konfrans başlanıb.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, professor Əziz Əliyevin məzarlarını ziyarət ediblər, onların əziz xatirəsi anılıb.
Şəhidlər xiyabanında Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin, daha sonra Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə gül dəstələri qoyulub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Konfransda çıxış edən institutun baş direktoru akademik Arif Həşimov bildirib ki, bu tədbir Azərbaycan və Türkiyənin elm, təhsil sahəsində birgə fəaliyyətinə, azərbaycanlı fiziklərin Türkiyədəki elmi fəaliyyətinə verilən yüksək qiymətin nümunəsidir.
Konfrans icraçı direktor, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimovun çıxışı ilə davam edib. O, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasında elm və təhsil sahəsindəki əməkdaşlıqdan bəhs edib. Qeyd edilib ki, Fizika İnstitutunun 60-a yaxın alimi Türkiyədə işləmək üçün dəvət alıb.
Hazırda qardaş ölkənin elm və təhsil müəssisələrində Fizika İnstitutunun 16 əməkdaşı çalışır.
Tədbirdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı və türkiyəli alimlərlə videobağlantı yaradılıb. Onlar Türkiyə-Azərbaycan münasibətlərindən, azərbaycanlı alimlərin qardaş ölkənin elminə verdiyi töhfələrdən, türkiyəli alimlərin Azərbaycan elminin inkişafında rolundan, qarşılıqlı əməkdaşlıqdan bəhs ediblər.
Sonra elmi məruzələr dinlənilib.