Azərbaycan gəncliyi təmsil olunduğu bütün sahələrdə uğurları ilə fərqlənir
Bakı, 12 avqust, AZƏRTAC
Gənclik insan həyatında əvəzolunmaz bir dövrdür. 12 avqust - Beynəlxalq Gənclər Gününün dünyanın hər yerində qeyd olunması və gənclərin qlobal məsələlərə olan marağı, yüksək təsir gücü bu dövrün xüsusi əhəmiyyətini nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident mükafatçısı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova deyib.
Bildirib ki, hər bir ölkənin gələcəyi intellektual səviyyəsi, dünyagörüşü, bacarıqları ilə fərqlənən gənclərdən asılıdır. Bu gün hər bir Azərbaycan gənci Zəfər çalmış ölkənin qalib gəncidir. “Qalib gənc” ifadəsi müxtəlif sahələrdə fəaliyyət göstərən, ölkə xaricində və daxilində təmsil olunan Azərbaycan gəncləri üçün fəxr mənbəyi, həmçinin böyük bir məsuliyyətdir. Azərbaycanda Gənclər Gününün təsis olunması, gənclər üçün Prezident mükafatlarının verilməsi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun yaradılması, dövlət proqramlarının həyata keçirilməsi, gənclərin xaricdə təhsil proqramı ilə dəstəklənməsi və onların inkişafı, karyerası üçün müxtəlif proqramların, imkanların mövcudluğu göstərilən diqqəti və dəyəri nümayiş etdirir. Xüsusi qeyd etmək lazımdır ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclər nazirlərinin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunmuşdu. Bu fakt özü Azərbaycan Gənclər Siyasətinin uzaqgörənliyinin və davamlılığının bariz nümunəsidir.
Həyata keçirilən proqramların məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, gənclər təşkilatlarının formalaşdırmaq, inkişafına dəstək göstərmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
"Könüllülük hərəkatının inkişafı da Azərbaycan gəncliyinin yardımsevərliyinin, dostluğunun və cəmiyyətə olan faydalılığının göstəricisidir. Türkiyədə baş verən zəlzələ zamanı türk qardaşlarımıza könüllülərimizin göstərdiyi dəstək, apardığı yardımlar və oradakı insanların ən çətin anlarında nümayiş etdirdikləri birlik bugünkü gəncliyimizlə qürur duymaq səbəbimizdir. Həm arxa, həm də ön cəbhədə ölkəsi üçün ən yaxşısını etməyə çalışan, milli adət-ənənələrinə, dəyərlərinə sadiq olan bu gənclik dünyanın reallıqlarını yaxından izləyir.
Həqiqətən də, gənclər üçün yaradılan geniş imkanlar onları nəinki cəmiyyətin aparıcı qüvvəsinə çevirir, həmçinin gənc nəsli özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq arenada daha əzmlə təmsil etməsinə şərait yaradır. Fəaliyyət göstərdiyimiz təşkilatda da həyata keçirdiyimiz hər bir layihə və proqram ilə gənclərin həyatına toxunmağa, yeniliklərə səbəb olmağa, karyeralarının inkişafına, bilik və bacarıqlarının artmasına çalışırıq. Bu gün Azərbaycan gəncləri yarışdıqları çempionatlarda, təhsil aldıqları universitetlərdə, çalışdıqları qurumlarda, təmsil olunduqları arenalarda bacarıqları və uğurları ilə seçilir, bundan sonra da seçiləcək, - deyə Ü.Axundova bildirib.