İQTİSADİYYAT
Azərbaycan Gürcüstana aviasiya yanacağı ixrac edən ölkələr sırasında ikinci yerdədir
Tbilisi, 11 avqust, AZƏRTAC
Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində 67,1 min ton aviasiya yanacağı idxal edib, bu da 2022-ci eyni dövrü ilə müqayisədə 0,7 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları Birliyi məlumat yayıb.
Hesabat dövründə Gürcüstan ən çox Türkmənistandan aviasiya yanacağı idxal edib - 29,6 min ton. Bu da ümumi idxalın 44,1 faizini təşkil edib.
Gürcüstana aviasiya yanacağı ixrac edən ölkələr sırasında Azərbaycan ikinci yerdədir.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 17,3 min ton aviasiya yanacağı idxal edib. Bu da ümumi idxalın 25,8 faizini təşkil edib.
Sonrakı yerləri Yunanıstan, Türkiyə və Malta tuturlar.
Hesabat dövründə Gürcüstan 13,23 min ton sürtkü yağı idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.
Gürcüstana sürtkü yağı ixrac edən ölkələr sırasında Türkiyə liderdir - 2,79 min ton. Bu da ümumi idxalın 21,1 faizinə bərabərdir.
Azərbaycan hesabat dövründə Gürcüstana 0,82 min ton sürtkü yağı ixrac edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi