AZƏRBAYCAN HƏQİQƏTLƏRİ ALMANİYADA TƏBLİĞ OLUNUR
AZƏRTAC-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanı Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəri, doktor Nuridə Atəşi təmsil etmişdir. O, çıxışı zamanı milli mədəniyyətimiz, ölkəmizin çağdaş durumu barədə ətraflı danışmış, qonaqların müxtəlif suallarına cavab vermiş, Avropanın iqtisadiyyat, siyasət və mədəniyyət nöqteyi-nəzərindən Azərbaycana baxışlarının son illər kökündən dəyişdiyini, daha da genişləndiyini bildirmişdir. Natiq demişdir ki, indi Avropa Birliyinə inteqrasiya yolu ilə gedən və dünyəvi mənəvi-mədəni dəyərlərə üstünlük verən Azərbaycan dövlətinin uğurları bir çox aparıcı ölkələrin marağına səbəb olmuşdur. Doktor Nuridə Atəşi obyektivliyin təmin olunması naminə Azərbaycan haqqında zəruri bilgilərin və müxtəlif ictimai-siyasi, sosial-mədəni informasiyaların təsadüfi subyektlərdən deyil, yalnız yüksək səviyyəli, tam etibarlı mənbələrdən alınmasının zəruriliyini diqqətə çatdırmışdır.
Almaniya Xarici İşlər Nazirliyinin siyasi inkişaf şöbəsinin müdiri Valter Stexel və nüfuzlu “Der Tagesspiegel” qəzetinin baş redaktor müavini Lorenz Maroldt çıxışlarında Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirmişlər.