İDMAN
AZƏRBAYCAN İDMANÇILARI AFİNA OLİMPİADASINDA LƏYAQƏTLƏ ÇIXIŞ ETMİŞLƏR
Azərbaycan idmançıları Afina Olimpiadasında ləyaqətlə çıxıs etmişlər. Bunu sentyabrın 2-də Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında gənclər, idman və turizm naziri Əbülfəz Qarayev demişdir. Nazir Oyunlara hazırlığın səviyyəsini, məşqçilər heyətinin işini yüksək qiymətləndirmişdir. O, olimpiyaçıların müxtəlif idman növlərindəki uğurlarından danışaraq qeyd etmişdir ki, idmançılarımız Sidney Olimpiadası ilə müqayisədə daha yaxşı nəticələr göstərmiş və 5 medal qazanmışlar. Əbülfəz Qarayev cüdoçuların, güləşçilərin və boksçuların çıxışlarını xüsusi vurğulamışdır.
Bütövlükdə, Azərbaycan Afina Oyunlarında 202 iştirakçı ölkə arasında 50-ci, medalların sayına görə isə 37-ci yeri tutmuşdur.
Respublikamız MDB ölkələri arasında 5-ci olmuşdur.