Azərbaycan iki ayda ən çox hansı ispandilli ölkələrlə ticarət əməliyyatları aparıb?
Bakı, 19 mart, Elvin Camalov, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 58 milyon ABŞ dolları, Meksika ilə 14,1 milyon dollar, Ekvadorla isə 6,8 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya ilə ticarət dövriyyəsi azalıb, Meksika və Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. İdxalda ilk yerdə Meksika qərarlaşıb və bu ölkə ilə 14,1 milyon dollarlıq idxal əməliyyatı aparılıb. İspaniyadan idxalın dəyəri 10,9 milyon dollar, Ekvadordan isə 6,8 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatlarının dəyəri artıb.
İki ayda ölkəmizdən ən çox məhsul İspaniya, Meksika və Boliviyaya ixrac edilib. İspaniyaya ixracın dəyəri 47,1 milyon dollar, Meksika və Boliviyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb.
Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr isə Venesuela, Nikaraqua və Salvador olub.
Qeyd edək ki, iki ayda İspaniya Azərbaycan ilə ticarət dövriyyəsində əsas ölkələrin siyahısında 4 pillə irəliləyərək 9-cu yerdə qərarlaşıb.