AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq getdikcə genişlənməkdədir. Azərbaycan NATO ilə də əməkdaşlığını fəal surətdə davam etdirir. Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) müddəaları artıq yerinə yetirilməkdədir.
Cim Məkduqal bildirmişdir ki, ABŞ Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının müddəalarının yerinə yetirilməsində Azərbaycana əlindən gələn köməyi göstərəcəkdir.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində görülən işlərdən danışaraq bildirmişdir ki, bu məsələdə hələlik irəliləyiş yoxdur. Ermənistan durmadan silahlanır. İşğalçı ölkənin rəhbərliyi bəyan edir ki, onlar Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərlər. Əgər belə olarsa, bu, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxara bilər. Biz tələb edirik ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunsun, işğal edilmiş torpaqlar azad edilsin. Bir neçə aydan sonra region üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri, növbəti il isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir. Münaqişənin həll edilməməsi isə bu layihələrin təhlükəsizliyinə ciddi təhdiddir.
Qonaq qeyd etmişdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Daha sonra o, NATO-Azərbaycan əlaqələrinin perspektivlərinin geniş olduğunu vurğulayaraq demişdir: “NATO rəhbərliyi bu fikirdədir ki, Azərbaycan İPAP-ın yerinə yetirilməsində ciddi irəliləyiş əldə etmişdir. Bu da Ermənistan-Azərbaycan münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcəkdir”.
Cim Məkduqal Azərbaycanda keçirilən parlament seçkilərinə də toxunaraq nəzərə çarpdırmışdır ki, kiçik çatışmazlıqların olmasına baxmayaraq, bu seçkilər Azərbaycan üçün irəliyə doğru atılmış addımdır.
Sonda tərəflər Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət və Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi aparmışlar.