AZƏRBAYCAN İLƏ ALMANİYA ARASINDA TİCARƏT DÖVRİYYƏSİNİN HƏCMİ İLDƏN-İLƏ ARTIR
DGK sədri səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Azərbaycan ilə Almaniya arasında istər siyasi, istərsə də mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan komitə sədri, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsinə təkan verdiyini söyləmiş, əməkdaşlıq sahələrinin bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir.
İqtisadi-ticari əlaqələrə gəlincə, Aydın Əliyev bildirmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ilbəil artır. Bu prosesin daha da intensivləşməsi üçün mövcud potensialdan maksimum yararlanmaq lazımdır.
Gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin vacibliyindən bəhs edən komitə sədri, respublikamızın Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə artıq gömrük işinə dair saziş və protokolların mövcudluğu barədə məlumat vermiş, Almaniya ilə də belə sənədin imzalanacağına ümidvar olduğunu vurğulamışdır. TACİS proqramı çərçivəsində Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərin vaxtaşırı treninqlər keçirdiyini diqqətə çatdıran DKG sədri, bu sırada almaniyalı ekspertlərin qaçaqmalçılıqla mübarizə istiqamətində Azərbaycanın gömrük əməkdaşlarına təcrübə və biliklərini çatdırmasını əməkdaşlıqda müsbət hal kimi dəyərləndirmişdir.
Almaniyanın tanınmış şirkətlərinin Azərbaycanda genişmiqyaslı fəaliyyətindən söhbət açan Aydın Əliyev, Dövlət Gömrük Komitəsi rəhbərliyi ilə almaniyalı iş adamları arasında görüşün də təşkil olunduğunu, geniş fikir mübadiləsinin aparıldığını xatırlatmışdır.
Səfir Per Kristofer Stançina diplomatik fəaliyyətini Azərbaycanda davam etdirməyindən məmnun olduğunu, ölkəmizdə bütün sahələrdə böyük tərəqqi gördüyünü diqqətə çatdırmışdır.
Etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməkdən böyük şərəf duyduğunu vurğulayan diplomat, fəaliyyətinin ilk günlərində ölkəsi ilə əməkdaşlıqda ən vacib sahələrin rəhbərləri ilə görüş keçirməyi qərara aldığını bildirmişdir. “İqtisadi-ticari münasibətlərdə gömrük sistemi öndə gedən qurumlardan biridir”, deyə sözünə davam edən qonaq, Almaniya ilə Azərbaycanın gömrük sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinin vacibliyi, perspektivləri barədə söhbət açmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.