Azərbaycan ilə Almaniyanın Bavariya regionu arasında əməkdaşlıq əlaqələri qurulur
Berlin, 21 aprel, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev aprelin 18-20-də bu ölkənin ərazi baxımından ən böyük və iqtisadi cəhətdən ən inkişaf etmiş federal torpaqlarından olan Bavariyaya səfər edib.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi federal torpağın yüksək vəzifəli təmsilçiləri ilə Bavariya və Azərbaycan arasında əməkdaşlıq məsələlərinin müzakirəsi, onların ölkəmizin iqtisadiyyatı və sərmayə imkanları barədə məlumatlandırılması, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması olub.
Bavariya Landtaqının (parlament) prezidenti İlse Ayqner ilə görüşdə N.Ağayev həmsöhbətini Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, respublikamızda həyata keçirilən islahatlar, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələr, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. Eyni zamanda, Azərbaycan ilə Almaniya, eləcə də onun federal torpaqları arasında əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlərin böyük önəm daşıdığı vurğulanıb.
Diplomat, həmçinin Bavariya baş nazirinin müavini, daxili işlər və inteqrasiya naziri Yoaxim Herman, Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Melani Huml, Münxen şəhərinin vitse-meri Katrin Habenşaden, Bavariya federal torpağının baş nazirinin aparatının rəhbəri, federal işlər və media üzrə dövlət naziri Florian Herman və Bavariya iqtisadiyyat, regional inkişaf və enerji nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib. Görüşlərdə aidiyyəti sahələr üzrə əməkdaşlıq məsələləri, münasibətlərin inkişaf perspektivləri, habelə hər iki tərəf üçün qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
N.Ağayev səfər zamanı Türkiyənin Münxendəki baş konsulu Süalp Erdoğan, İsrailin baş konsulu Karmela Şamir, Avropa Ravvinləri Konfransı təşkilatının baş icraçı direktoru Qadi Qroniç ilə də görüşlər keçirib, habelə Xristian Sosialistlər İttifaqı (CSU) Partiyasının baş ofisini ziyarət edib.
Səfər çərçivəsində Azərbaycan səfirinin, həmçinin Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları ilə görüşləri olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin