Azərbaycan ilə Efiopiya arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib
Bakı, 7 iyul, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Efiopiyanın xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Sahib Məmmədov ölkəmizdə bu sahədə aparılan uğurlu islahatların müsbət nəticələrini qeyd edib, azad edilmiş ərazilərimizin yenidən qurulması və iqtisadi reinteqrasiyası ilə bağlı görülən işlərin ümumi iqtisadi inkişafa töhfə verdiyini deyib.
Mesqanu Arqa Moaç Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, Azərbaycanın iqtisadi islahatlar təcrübəsinin tətbiqinə maraq göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, o cümlədən ticarət və investisiya üzrə əməkdaşlıq imkanlarının reallaşdırılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
Görüşdə Efiopiya ilə əlaqələrin mövcud vəziyyəti və perspektivləri, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımlar müzakirə edilib.