Azərbaycan ilə Küveyt arasında ticarət və sənaye sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfiri Emil Kərimovun bu ölkənin ticarət və sənaye naziri Muhammad Osman Əl-Aiban ilə görüşündə iki dost ölkə arasında ticarət və sənaye sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir E.Kərimov Azərbaycanın neft-qaz sənayesi və qeyri-neft sektoru, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Küveytlə ticari əlaqələr sürətlə inkişaf edir və iki ölkənin müvafiq hökumət strukturları və sahibkarları arasında əməkdaşlığın geniş potensialı mövcuddur. Bundan başqa, son illər Bakı-Küveyt marşrutu ilə birbaşa aviareyslərini həyata keçirilməsi, Azərbaycana küveytli turistlərin axınının güclənməsi hər iki ölkənin mənafelərinə uyğundur.
Muhammad Osman Əl-Aiban Küveytin dost ölkə olan Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib, ticarət və sənaye sahələrində yeni layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Görüşün sonunda səfir E.Kərimov küveytli nazirə ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin üzərində qədim Azərbaycan şəhəri Şuşanın təsviri olan xalça hədiyyə edib.