Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur
Bakı, 16 iyun, AZƏRTAC
Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir. Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2022-ci ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 2,4 dəfə artaraq 27,7 milyon dollara çatıb. Bu ilin ilk 4 ayında 11,7 milyon dollarlıq dövriyyə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə yönəlib. Pakistan, eyni zamanda, işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və reinteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir.
“Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir. Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar”, - deyə V.Bayramov qeyd edib.