AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIĞI UĞURLA İNKİŞAF EDİR
Görüşün ölkələrimiz üçün tarixi bir hadisə - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin rəsmi açılışı ərəfəsində keçirildiyini bildirən nazir F.Məmmədov, Azərbaycanın dost və qardaş Türkiyə ilə hərtərəfli əməkdaşlığının, o cümlədən hüquqi sahədə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, son illərdə ədliyyə nazirlərinin qarşılıqlı səfərləri zamanı mühüm sənədlərin imzalanması ilə yaradılmış zəngin hüquqi baza hər iki ölkənin ədliyyə orqanlarının səmərəli əməkdaşlığına imkan yaratmışdır. F.Məmmədov Azərbaycanda uğurla aparılan məhkəmə-hüquq islahatı, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri, ən demokratik və şəffaf prosedurlarla hakimliyə namizədlərin seçilməsini və digər tədbirləri diqqətə çatdırmışdır.
Azərbaycanda genişmiqyaslı mütərəqqi islahatların həyata keçirilməsinin, ölkəmizin hərtərəfli dinamik inkişafının və yüksək nailiyyətlər əldə edilməsinin şahidi olduğunu bildirən Şansal Erkan, hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə dair faydalı fikir mübadiləsi aparılmışdır.
Tədbirdən sonra qonaq nazirlikdə Heydər Əliyev və ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.