AZƏRBAYCAN İLƏ YAPONİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində önəmli rol oynadığını diqqətə çatdıran qonaq, bu səfər çərçivəsində imzalanmış müqavilələrin dövlətlərimizin əməkdaşlığının daha da inkişaf etdirilməsində əhəmiyyətini vurğulamışdır. Yaponiyanın Azərbaycan ilə dostluq münasibətlərinə xüsusi diqqət yetirdiyini qeyd edən xanım Akiko respublikamızda demokratiyanın və azad bazar iqtisadiyyatının inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, Yaponiyanın Azərbaycanda əczaçılığın, kondisioner istehsalının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məsələlərində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır. Yaponiyalı diplomat Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsinin Cənubi Qafqaz regionunda sülhə və sabitliyə töhfə verəcəyinə inandığını bildirmiş, ölkəsinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulamışdır.
Nazir Elmar Məmmədyarov da dövlətimizin başçısının Yaponiyaya səfərinin və bu səfər zamanı qəbul olunmuş birgə bəyanatın mühüm əhəmiyyətini vurğulayaraq, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirmişdir. Birləşmiş Millətlər Təşkilatında islahatların vacibliyini diqqətə çatdıran nazir, Təhlükəsizlik Şurasının genişləndiriləcəyi təqdirdə, Yaponiyanın yeni daimi üzv kimi dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsində xüsusi rol oynayacağına əminliyini ifadə etmişdir.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz və etnik təmizləmə siyasətinin bölgədə sabitliyə böyük əngəl olduğunu qonağın diqqətinə çatdıran nazir E.Məmmədyarov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli proses olduğunu bildirmişdir. Nazir demişdir ki, əvvəlcə torpaqlar işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalı, onların təhlükəsizliyi və rifahı təmin olunmalıdır. Məhz bundan sonra Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü daxilində statusu müəyyənləşdirilə bilər.
Azərbaycanın bir sıra regional layihələri həyata keçirdiyini vurğulayan nazir demişdir ki, onlardan biri - Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq istismara verilmişdir və bu, ölkəmizin ən böyük uğurudur.
Xanım A.Yamanaka ikitərəfli əməkdaşlığın digər istiqamətlərinə toxunaraq, kənd təsərrüfatı, turizm, təhsil sahəsində də əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu nəzərə çatdırmışdır.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə başa çatan görüşdən sonra mətbuat konfransı keçirilmiş, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.