Azərbaycan informasiya müharibəsində də ciddi irəliləyişlər əldə edir
Bakı, 8 oktyabr, AZƏRTAC
Böyük siyasi gücə və iradəyə malik müzəffər ordumuzun əks-hücum əməliyyatları uğurla davam edir. Ermənistan nəinki hərb cəbhəsində, həmçinin siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır. Qazanılan qələbələr təkcə silahın gücü deyil, Azərbaycan Prezidentinin, milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat deyib ki, bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarından olan çoxmilyonluq auditoriyaya sahib “Euronews”, “Rossiya-1”, “Perviy kanal”, “Əl-Ərəbiyə”, “Əl-Cəzirə”, “TRT Haber”, “CNN Türk” və digərlərinə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət edir.
Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın və qəti şəkildə bəyan etdi:
-Qarabağin Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını dünya ictimaiyyətinə çatdırdı;
-Ermənistanın faşist, terrorçu və yalançı siyasi hakimiyyətə malik olmalarını ifşa etdi;
-30 il səbirlə və ardıcıllıqla beynəlxalq hüquqa əsaslanmış müzakirələrdən sonra Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış 86.6 min kv.km. ərazilərimizin bərpasına və suverenliyinin bərpasına başlandığını bildirdi;
-Həmsədr dövlətlərin də səs verdiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin icrasını və qəbul edilən qətnamələrə hər bir dövlətin hörmətlə yanaşmalı olduğunu vurğuladı;
-Azərbaycanın multikultural, tolerant ölkə olduğunu, bütün Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, dərhal və qeyd-şərtsiz tərk edəcəyi halda azərbaycanlıların sülhün, əmin-amanlığın qorunmasına, müharibənin dayandırılmasına hazır olduqlarını bildirdi.
Prezident İlham Əliyevin müsahibələrində söylədiyi fikirlərə dünya ictimaiyyəti yenə də biganə qalacağı təqdirdə, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü, təkbaşına həyata keçirməklə beynəlxalq təşkilatların biabırçılığının qarşısını alacaq.
Azərbaycanın işi haqq işidir və ulu öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyev tərəfindən dünyada tanıdılan müstəqil Azərbaycan Respublikası yeni qurulmaqda olan dünya xəritəsində öz suverenliyini və müstəqilliyini qorumağı bacaracaq.