AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASSOSİASİYASI ÖLKƏLƏRİMİZ ARASINDA MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYACAQDIR
AZƏRTAC xəbər verir ki, Təl-Əviv şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası yaradılmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Assosiasiyanın yaradılması ilə bağlı aprelin 12-də Təl-Əvivdə keçirilmiş təsis qurultayında İsralin 26 şəhərində yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icmasından 408 nəfər nümayəndə iştirak etmişdir. Qurultayda, həmçinin İsrailin dövlət, hökumət, parlament üzvləri, Türkiyənin İsraildəki səfiri Mehmet Tan, “Mərmərə Qrupu”nun rəhbəri Akkan Suverin başçılığı ilə nümayəndə heyəti, ABŞ, İsveçrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdəki yəhudi icmalarının rəhbərləri də iştirak etmişlər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultaydakı çıxışında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılmasını Azərbaycan diasporunun həyatında mühüm hadisə adlandırmış, bu təşkilatın xalqlarımız və ölkələrimiz arasında münasibətlərə böyük töhfə verəcəyinə inandığını bildirmişdir. Yəhudilərin Azərbaycanda əsrlər boyu yaşadığını xatırladan komitə sədri qeyd etmişdir ki, ölkəmizdəki tolerantlıq bütün digər azsaylı millətlər kimi, yəhudilərin də tamhüquqlu vətəndaş olaraq təhlükəsiz şəraitdə yaşamasına zəmin yaratmışdır. N.İbrahimov qeyd etmişdir ki, yəhudilər daim azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşamış, ən çətin məqamlarda bir-birinə dayaq olmuşlar. O, Azərbaycanda antisemitizm meyillərinin heç vaxt mövcud olmadığını xatırlatmış, ölkəmizdə yəhudi sinaqoqlarının sərbəst fəaliyyət göstərdiyini, dövlətin daim yəhudilərə diqqət və qayğı ilə yanaşdığını bildirmişdir.
N.İbrahimov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi diasporunun dəstəyinə böyük ehtiyac duyulduğunu vurğulamışdır.
İsrail Baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Liberman çıxışında Assosiasiyanın Azərbaycan-İsrail münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu bildirmiş, Azərbaycanda yəhudilərə qarşı yüksək tolerantlığın olduğunu, bunu Azərbaycan xalqının müdrikliyinin, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirmişdir. A.Liberman iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu vurğulayaraq, bundan səmərli istifadə etməyi qarşıda duran əsas vəzifə adlandırmışdır.
İsrailin nəqliyyat naziri Şaul Mofaz yeni təşkilatın yaradılmasını böyük hadisə hesab edərək Azərbaycandan köçmüş yəhudilərin bir araya gəlməsini, vahid bir qurumda birləşərək Azərbaycanın maraqlarını müdafiə etməsini onların bu ölkəyə sevgisinin təzahürü kimi qiymətləndirmişdir. Turizm naziri İsax Aranoviç isə Azərbaycandan köçmüş yəhudiləri ölkələrimiz arasında körpü adlandırmışdır. Nazir İsralin Azərbaycanla turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir.
Türkiyənin “Mərmərə Qrupu”nun rəhbəri Akkan Suver tədbirdə İsralin üç nazirlə təmsil olunmasını dövlətin bu qurultaya ciddi önəm verdiyinə dəlalət etdiyini diqqətə çatdırmışdır.
Çıxış edən digər natiqlər də Assosiasiyanın yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirmiş, təşkilatın işinə uğurlar arzulamışlar.
Qurultayda təşkilati məsələlərə baxılmış, Assosiasiyanın proqram və nizamnaməsi təsdiq edilmiş, İsrail parlamentinin deputatı İosif Şaqal Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri seçilmişdir. Daha sonra regionlar üzrə sədr müavinləri, rəyasət heyətinin, idarə heyətinin, ictimai şura və ağsaqqallar şurasının üzvləri seçilmiş, təşkilatın nəzdində müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək 12 komitə yaradılmışdır.
Sonda qurultayın qətnaməsi və iştirakçılar adından Azərbaycan Prezidentinə və İsrail Baş nazirinə müraciət qəbul edilmişdir.