Azərbaycan könüllüləri arasında “Nizami kvest” intellektual komanda oyunu keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşəbbüsü və “Bir Könüllü” Təşkilatının dəstəyi ilə “Nizami kvest” intellektual komanda oyunu keçirilib.
AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışın məqsədi Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar dahi şairin yaradıcılığının könüllülər arasında təbliği, onun ədəbi irsinin daha yaxşı öyrənilməsi, eləcə də könüllülərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Hər biri dörd könüllüdən ibarət 11 komandanın iştirak etdiyi oyunda “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllüləri qalib gəliblər. Bununla da komanda Gəncədə keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. “Gənc Könüllülər” və “Bir Könüllü” Təşkilatının komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.