Azərbaycan Mərkəzi Bankı ICIEC ilə gələcək inkişaf imkanlarını müzakirə edib
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sentyabrın 5-də İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə investisiyaların və ixrac kreditlərinin İslami prinsiplər əsasında sığortalanması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, təşkilatlar arasında gələcək əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə edilib.