Azərbaycan millisinin baş məşqçisi: Rusiyada yaşayan futzalçılarımızı yığmaya dəvət edə bilərik - MÜSAHİBƏ
Bakı, 13 iyul, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Qarşıdakı bir ildə də futzal üzrə Azərbaycan millisinə rəhbərlik edəcəksiniz. Sizinlə müqavilə müddətinin uzadılacağını gözləyirdiniz?
- Mənə yenidən etimad göstərdiklərinə görə AFFA və Azərbaycan Futzal Federasiyasına təşəkkür edirəm. Milli komanda ilə müqaviləmin uzadılacağı barədə məlumatım yox idi. Mənim üçün çox xoş oldu.
- Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Rəqiblər Xorvatiya, İsveç və Yunanıstan kollektivləri olacaq. Qarşınıza hansı hədəflər qoyulub?
- Hələlik milli komandanın hədəfləri barədə federasiya rəhbərliyi ilə görüşümüz olmayıb. Amma Futzal Federasiyasının prezidenti Zaur Axundov yalnız maksimum nəticə istəyən funksionerdir. Qrupdakı komandalara gəlincə, Xorvatiya seçməsi favoritdir. Hazırda orada yerli çempionatın səviyyəsi yüksəkdir. Klubların çox yaxşı sponsorları var. Legioner həyatı yaşayan futzalçıları da geri qaytarırlar. Xorvatiya çempionatının səviyyəsi, demək olar ki, İspaniya və Rusiya liqaları ilə bərabərdir.
- UEFA milli komandaya legionerlə bağlı qadağa qoyduqdan sonra dünya çempionatının seçmə mərhələsində yerli futzalçılarla mübarizə apardınız. Sizcə, beynəlxalq təcrübəsi az olan oyunçularla nəticə qazanmaq olarmı?
- Bəli, daha əvvəl millinin heyətində 7-8 legioner oyunçu olurdu. Yeni qaydaya əsasən isə yığmaya gələn futzalçı 5 il Azərbaycanda yaşamalıdır. Bizdə Edu variantı var idi. Lakin onun da yaşı çoxdur. Gəlib burada oynaması çətin olacaq. Əgər gəlsə belə, maksimum bir il oynaya biləcək. Hətta Rusiyada atası və ya anası azərbaycanlı olan futzalçılar var. Məsələn, onları da dəvət edə bilərik. Bu məsələ ilə rəhbərlik məşğul olur. Hazırda federasiya gənclərə daha çox şans vermək fikrindədir. Amma birdən-birə yerli futzalçılarla oynamaq nəticəyə təsir etdi. Ruhdan düşmürük və gənclərə inanırıq. Ümid edirəm ki, uğurlu nəticələr əldə edəcəyik. Dekabr ayına kimi vaxtımız var. Nə qədər çox yoxlama görüşləri keçirsək, milli komanda bir o qədər tez inkişaf edər.
- Rəsmi açıqlama olmasa da, “Araz-Naxçıvan” komandasındakı işinizi də davam etdirəcəksiniz. Artıq klubun Çempionlar Liqasındakı rəqibləri bəllidir. Qrup mərhələsindəki şansları necə dəyərləndirirsiniz?
- Bəli, Zaur Axundovla “Araz-Naxçıvan”a yeni mövsümdə də başçılıq edəcəyimlə bağlı görüşümüz olub. Bizi Çempionlar Liqasında ağır oyunlar gözləyir. H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacağıq. Estoniya təmsilçisi barədə müəyyən informasiyalar almışam. Heyətində bir neçə Kosta-rikalı oyunçu var. Komandada, həmçinin Estoniya millisinin şərəfini qoruyan yerli futzalçılar da yer alırlar. İsveç təmsilçisi ilə bağlı bu həftənin sonunadək əlimizdə bilgi olacaq. Şimali İrlandiya klubu isə bizim üçün “sirli qutu”dur. Çünki məlumat tapmaq olmur.
- “Araz-Naxçıvan” ötən gün ilk transferini açıqladı. Yeni mövsüm üçün komandaya daha neçə oyunçu cəlb etməyi düşünürsünüz?
- Dünən braziliyalı Alisson Damaseno Masiel ilə anlaşdıq. Hazırda 5-6 oyunçu ilə danışıqlar gedir. Onların arasında Avropa və Braziliyadan olan futzalçılar var. Vaxt azdır, qısa zamanda heyəti formalaşdırmaq istəyirik.