Azərbaycan nümayəndə heyəti Moldovada parlament seçkilərini müşahidə edib
Bakı, 1 dekabr, AZƏRTAC
Noyabrın 30-da Moldovada keçirilən parlament seçkilərini müşahidə prosesinə MDB Parlamentlərarası Assambleyasından (MDB PAA) beynəlxalq müşahidə missiyası çərçivəsində Azərbaycandan da nümayəndə heyəti qatılıb.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini, Milli Məclisin bu qurumdakı nümayəndəsi Aydın Cəfərov, MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Elman İmaməliyev, eləcə də MDB PAA Şura Katibliyinin əməkdaşları və MDB PAA DİMBİ-nin ekspertləri seçkilərlə bağlı bir sıra görüşlər keçiriblər.
Nümayəndə heyəti Moldovanın Kommunist partiyasının sədri Vladimir Voronin, bu ölkənin MDB PAA-dakı nümayəndə heyətinin rəhbəri, Moldova parlamentinin mədəniyyət, təhsil, elm, gənclər, idman və kütləvi informasiya vasitələri üzrə komissiyasının sədri Kirill Luçinskiy, Moldova Demokrat partiyasının lideri Marian Lupu, Moldova Mərkəzi Seçki Komissiyası sədrinin müavini Ştefan Urıtu və başqaları ilə görüşlər keçirib. Görüşlərdə Mərkəzi Seçki Komissiyasının seçki kampaniyasına dair qərarları, səsvermə günü seçki məntəqələrinin MSK ilə daimi rabitə əlaqəsi üçün lazımi avadanlıqla təmin olunması üzrə görülən işlər, KİV-də seçki kampaniyasının işıqlandırılması, seçicilər və seçki orqanları arasında qarşılıqlı əlaqələrin təşkilində internet şəbəkəsinin rolu və digər mövzulara dair fikir mübadiləsi aparılıb.
MDB PAA-dan olan beynəlxalq müşahidəçilər səsvermə günü Kişineu və ətraf şəhərlərdə olan seçki məntəqələrində səsvermənin gedişini müşahidə ediblər.
Moldova Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə əlaqədar Azərbaycan, Rusiya və Ukrayna da olmaqla 95 xarici dövlətdə seçki məntəqələri təşkil edib. MDB PAA DİMBİ Bakı filialının məsləhətçisi Rəmzi Yusifov Moldova MSK-da beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçərək bu ölkənin Bakıdakı səfirliyində təşkil edilmiş seçki məntəqəsində səsvermənin təşkili və gedişini müşahidə edib. Gün ərzində səsvermənin gedişi barədə məlumatlar MDB PAA DİMBİ-nin ekspertlərinə təqdim olunub.