Azərbaycan nümayəndə heyəti UN-Habitatın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir
Bakı, 25 noyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobidə (UNON) keçirilən UN-Habitatın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir.
Bu barədə AZƏRTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Nümayəndə heyətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təmsilçiləri daxildirlər.
Sessiyanın ilk günü tədbirə qatılan nümayəndələr UN-Habitatın təşkilati, maliyyə, proqram və inzibati məsələlərinin müzakirəsində iştirak edib. Bununla yanaşı, iclas çərçivəsində “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədrlərinin çıxışı baş tutub.
A.Quliyev Azərbaycan və Somali tərəfindən yeni seçilmiş həmsədrlərin mövqeyini təqdim edib. Həmsədrlik mandatı ölkələrə 2025-ci ilin oktyabrında keçirilmiş ikinci sessiyanın qərarına əsasən verilib.
Komitə sədri İşçi Qrupunun qlobal mənzil siyasətinə töhfəsini vurğulayaraq, Azərbaycan və Somalinin qarşıdakı dövrdə həyata keçirəcəyi əsas istiqamətlərini diqqətə çatdırıb. O, həmçinin ikinci sessiyanın nəticələri, görülmüş işlər və növbəti mərhələnin prioritetləri barədə məlumat verib.