Azərbaycan nümayəndə heyəti Xolokostun tədrisi və anımı ilə əlaqədar Niderlanda səfər edib
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Xolokostun tədrisi və anımı ilə əlaqədar Niderlanda gedib. Dekabrın 15-dən 20-dək davam edəcək səfər ATƏT-in Bakı layihə əlaqələndiricisi Amsterdamda fəaliyyət göstərən Anna Frank Evi ilə birgə təşkil edilib.
Azərbaycan nümayəndə heyətinə Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçiləri daxildir.
Nümayəndə heyəti Amsterdamdakı Anna Frank Evi, Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyində, Tədris Proqramlarının Hazırlanması İnstitutunda, eləcə də HAN Tətbiqi Elmlər Universitetinin orta məktəb müəllimləri üçün tədris kollecində görüşlər keçirəcək. Onlar həmçinin Müharibə, Xolokost və Soyqırımın öyrənilməsi İnstitutunu və Nederlandın Xolokost Memorialını ziyarət edəcəklər.
Niderlandda ibtidai və orta təhsil, eləcə də Xolokostun tədrisinə dair dövlət siyasəti, habelə orta məktəb müəllimlərinin bu sahədə bacarıqlarının təkmilləşdirilməsi əsas müzakirə mövzuları olacaq. Azərbaycanlı və hollandiyalı mütəxəssislər Xolokostun anılmasına dair mövcud təcrübələr haqqında fikir mübadiləsi aparacaqlar.
Bu səfər, tolerantlığın və qeyri-ayrı-seçkiliyin möhkəmləndirilməsinə dair ATƏT-in Bakı layihə əlaqələndiricisinin Azərbaycan hökuməti ilə razılaşdırdığı geniş layihənin bir hissəsidir. Layihə çərçivəsində bu ilin noyabrında Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi - Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda mövcud olan çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Layihə əlaqələndiricisi 2015-ci il ərzində digər tədbirlər də təşkil edəcək.