Azərbaycan nümayəndələri Almaniya Bundestaqında təcrübə keçiblər
Bakı, 7 avqust, AZƏRTAC
Almaniya Bundestaqı hər il beş aylıq təcrübə keçmək məqsədilə 50 ölkədən namizədlər üçün təqaüd ayırır. Həmin namizədlər Almaniya parlamentinin iş prosesi ilə yaxından tanış olmaqla bərabər, Bundestaq üzvünün ofisində təcrübə keçir, onu müxtəlif tədbirlərdə, komitə və işçi qrupların iclaslarında müşayiət edirlər. Bu isə onlara Almaniya Bundestaqının və orada çalışanların iş prinsipini öyrənmək üçün gözəl imkan yaradır. Təqaüd qazananlar, həmçinin Almaniyanın fəaliyyətdə olan siyasi xadimləri ilə müzakirələrdə də iştirak edirlər.
Azərbaycan 2008-ci ildən "Beynəlxalq parlament təqaüdü" proqramın daimi üzvüdür və məhz bu proqram sayəsində onlarla soydaşımız Almaniyanın siyasi sistemi ilə əyani tanış olmaq fürsəti qazanıb, bu proqramın iştirakçıları üçün əsas şərtlər alman dilini yüksək səviyyədə bilmək, Almaniya siyasi həyatından xəbərdar olmaq və həmçinin öz icmalarında fəal mövqeyə sahib olmaqdır.
Bu il bu proqramda Azərbaycanı Ayan İsmayılova və Valeh Rəcəbov təmsil ediblər. Onlar Almaniya Bundestaqında təcrübə ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Proqramın nəzəri və praktiki hissələrdən ibarət olduğunu deyən Valeh Rəcəbov bildirib ki, təqaüd alanlar ilk ayda Almaniya siyasi sisteminin xüsusiyyətləri, qərar qəbuletmə mexanizmləri, vətəndaş cəmiyyəti və medianın rolu haqqında məlumatlandırılır. “Partiyalara yaxın siyasi fondlar tərəfindən təşkil olunan seminarlarda iştirak etdim və onların fərqli ölkələrdə maliyyələşdirdiyi layihələr barədə biliklər aldım. Proqram boyunca Almaniyanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq üçün bir sıra muzeyləri və sərgiləri ziyarət etdik, həmçinin alman demokratiyasının tarixində vacib rol oynayan Veymar Respublikasında olduq”, - deyə proqram iştirakçısı qeyd edib.
Bundestaq deputatının bürosundakı təcrübəsindən danışan V.Rəcəbov proqram zamanı əldə etdiyi təcrübənin onun gələcək karyerasında rolunun əvəzsiz olacağını vurğulayıb.
Proqramın başlanğıcında siyasi gedişatın simulyasiyasına qatıldıqlarını deyən Ayan İsmayılova isə bildirib: “Proqramın bir özəlliyi də Almaniyanın yüksəkvəzifəli siyasətçiləri - Kansler, Bundestaqın prezidenti və deputatlarla görüş imkanının olmasıdır”.
Alman demokratiyasının beşiyi sayılan Veymar Respublikasına səfərin onlarda dərin təəssürat oyatdığını bildirən A.İsmayılova aparıcı media orqanlarının fəaliyyəti ilə tanış olduqlarını da bildirib. “Deutsche Welle”də olduğunu diqqətə çatdıran təqaüdçü deyib: “Təlimlərin birinci ayından sonra praktiki hissəyə start verildi. Mən Almaniya Bundestaqının Nəqliyyat və turizm komitəsinin üzvü, solçu partiyadan deputat Tomas Lutsenin ofisində işləmək imkanını əldə etdim. Tapşırıqlarımdan biri deputatın çıxışı üçün mətn tərtib etmək idi. Bu işin öhdəsindən gəlməyi bacardım.
Proqram çərçivəsində deputatın seçki dairəsində olduğunu və onun iş fəaliyyəti ilə tanış olduğunu bildirən A.İsmayılova deyib ki, təcrübə prosesində Almaniyanın parlament sistemi ilə Azərbaycan Milli Məclisinin fəaliyyəti arasında müqayisəli təhlil aparıb. Qeyd edib ki, bu, Azərbaycan ilə Almaniya arasındakı siyasi sistemi və mədəni sahədəki fərqlilikləri anlamaq üçün nadir imkan idi.