Azərbaycan nümayəndələri Səmərqənddə ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər
Bakı, 31 avqust, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Özbəkistan hökuməti tərəfindən təşkil edilən Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans sentyabrın 7-8-də Səmərqənddə keçiriləcək. Konfrans çərçivəsində keçiriləcək tədbirlərdən birində Azərbaycandan da şirkətlər iştirak edəcək.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, konfrans ənənəvi olaraq oktyabrın 16-da - FAO-nun təsis edildiyi gün qeyd olunan Ümumdünya Ərzaq Günü ilə əlaqədar təşkil olunur. Tədbirdə 30-dan çox ölkədən nazirlər və diplomatlar, o cümlədən beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Asiya İnkişaf Təşkilatının nümayəndələri, habelə maliyyə və elmi qurumların təmsilçiləri iştirak edəcəklər.
Konfransda milli və beynəlxalq qida təhlükəsizliyi standartları ilə bağlı məsələlər, qidalanma, qida məhsullarının emalı və keyfiyyəti sahəsində aktual mövzular, o cümlədən ekoloji və qida təhlükəsizliyi aspektləri müzakirə olunacaq. Xüsusən, Özbəkistan aqrar sektorda islahatların aparılmasında əldə etdiyi nailiyyətləri təqdim edəcək, biliklərin və innovativ həllərin ötürülməsini təşkil etmək üçün dünya birliyinin təcrübəsinə müraciət edəcəkdir.
Konfrans çərçivəsində “Özbəkistanın aqrar-ərzaq potensialı” sərgisi və Birinci aqrar-ərzaq investisiya forumu keçiriləcək. Forumda Azərbaycan, Almaniya, İtaliya, İsrail, Macarıstan, Koreya Respublikası, Polşa və Qazaxıstandan 50-dən çox şirkət iştirak edəcək.
FAO-nun hesablamalarına görə, hazırda dünyada təxminən 2,3 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkir ki, onların dörddəbiri və ya 566 milyonu Asiyada yaşayır.
“Qarşıdan gələn tədbir ərzaq təhlükəsizliyi və qidalanmanın yaxşılaşdırılması üzrə xüsusi hədəfləri, həmçinin 2030-cu ilə qədər kənd təsərrüfatının dayanıqlı inkişafı tədbirlərini özündə əks etdirən “Sıfır aclıq” Davamlı İnkişaf Məqsədi istiqamətində irəliləyişi nəzərdən keçirmək imkanı verəcək”, - deyə FAO-nun Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Viorel Qutsu bildirib.