Azərbaycan oftalmoloqları Asiya-Sakit Okean Oftalmologiya Akademiyasının konqresində iştirak edib





Bakı, 29 fevral, AZƏRTAC
İndoneziyanın Bali adasında Asiya-Sakit Okean Oftalmologiya Akademiyasının (Asia-Pacific Academy of Ophthalmology (APAO)) 39-cu illik konqresi və İndoneziya Oftalmoloqlar Assosiasiyasının 49-cu görüşü keçirilib.
Konqres oftalmologiyanın müxtəlif aspektlərini, əsas, orta və qabaqcıl bacarıqlardan tutmuş, üstünlük təşkil edən aktual mövzulara qədər məsələləri əhatə edib. Konqresdə müxtəlif oftalmoloji ixtisaslar üzrə ən son elmi yeniliklər, cərrahi texnika və müalicələrin yeni tendensiyalarını təqdim edən 800-ə yaxın məruzəçi iştirak edib.
Dünyanın bir çox yerindən, həmçinin ölkəmizdən də mütəxəssislər - Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) sədr müavini Yazgül Abdıyeva, oftalmoloqlar Günay Əliyeva, Vəfa Nəsirova, Aygül Kərimzadə, Nigar Kərimova, Nərmin Kərimova, Hafiz Qəhrəmanov iştirak ediblər.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva tərəfindən “Epidemiological insights into eye diseases among children under 5 years in the western region of Azerbaijan” mövzusunda e-poster təqdimatı olub.
AOC-un sədr müavini AZƏRTAC-a bildirib ki, APAO 2024 konfransının açılışı İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadik tərəfindən edilib. O, konfransın açılışının və təşkilinin digər ölkələrdə keçirilən konfranslardan fərqli olduğunu qeyd edib. Belə ki, həm nazir, həm də rəsmi qonaqlar milli geyimə üstünlük veriblər. Bu konqres oftalmologiya sahəsində ən son elmi inkişaflar təqdim etməklə, yaddaqalan təcrübə mübadiləsi aparmaqla fərqlənib.
Konfransdan sonra Y.Abdıyeva ilə Amerika Oftalmologiya Akademiyasının (American Academy of Ophthalmology) nümayəndələri Gail. E. Schimidit və Annamarie Hastings arasında görüş olub. Görüş zamanı akademiyanın yaranması və fəaliyyəti ilə bağlı məlumat verilib.
Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və regional filiallarının fəaliyyəti barədə çəkilən videorolik təqdim olunub, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı məlumat verilib.
AOC və Amerika Oftalmologiya Akademiyası arasında oftalmoloji yeniliklərdən bəhs edilərək, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Daha sonra Y.Abdıyeva ilə APAO 2024-ün prezidenti Dr. Mohamad Sıdıkla görüşü keçirilib. Görüş zamanı keçirilən konqreslə bağlı müzakirələr aparılıb, AOC-un təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı məlumat verilib.