Azərbaycan Ordusunun yaradıcı kollektivinin Astanadakı çıxışları böyük maraqla qarşılanıb
Bakı, 8 iyul, AZƏRTAC
Qazaxıstanın Astana şəhərində “Astana - Mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalı keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edir.
Astana şəhərinin müxtəlif ictimai yerlərində ölkəmizin təmsilçilərinin təqdim etdiyi musiqi nömrələri, hərbi marşlar və milli rəqslər şəhər əhalisi və turistlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda iştirakçılar müxtəlif beynəlxalq, milli və xalq folklorunu özündə əks etdirən mahnılar, milli rəqslər və ifalar nümayiş etdiriblər.