CƏMİYYƏT
Azərbaycan özünün təhlükəsizliyini təmin edə biləcək bir orduya malikdir – Şərh
![Azərbaycan özünün təhlükəsizliyini təmin edə biləcək bir orduya malikdir – Şərh](/files/2023/2/1200x630/16917260084530254653_1200x630.jpg)
Bakı, 11 avqust, AZƏRTAC
Hər il dünyanın ən güclü ordularının reytinqini hazırlayan Amerikanın "Global Fire Power" şirkəti 2023-cü ilin siyahısını təsdiqləyib. 60 kriteriya üzərindən dəyərləndirilən siyahıda Azərbaycan ordusu da yer alıb. Ölkəmiz son bir ildə on pillə irəliləyərək mövqeyini daha da gücləndirib. 145 ölkənin yer aldığı reytinqdə ölkələrin hərbi personalının sayı, mobillik və texnoloji inkişaf kimi bir çox amillər nəzərə alınıb. Məlum olub ki, dünyanın ən güclü orduya Birləşmiş Ştatlar, Rusiya və Çin sahibdir. Hansı ki, bu ölkələrin ilk üçlükdəki yeri daimidir. Diqqəti çəkən məqam reytinqdə Pakistan, İngiltərə, Braziliya və İtalyanın yüksəlişidir. Türkiyə də sıralamada iki pillə irəliləyərək 11-ci yerdə qərarlaşıb. Əvəzində İran, Fransa və Yaponiya orduları əvvəlki illərlə müqayisədə zəifləyib. Siyahıda ordu quruculuğu səviyyəsinə görə Azərbaycanın da mövqeyi müsbətə doğru dəyişib. Ölkəmiz 2022-ci ildəki 63-cü pillədən 57-ci pilləyə yüksəlib.
Bu barədə ordumuzun artan gücünü AZƏRTAC-a şərh edən hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev deyib: "Power” indeksi əslində dünya ölkələrinin indiki yeni geosiyasi vəziyyətin qiymətləndirilməsi üzərindən diqqətə alınası vəziyyətdir. Yəni, hərbi gücün hansı vəziyyətdə olması ölkələrin birbaşa müdafiə doktrinası və müdafiəsi konsepsiyasını əhatə edən bir kriteriyadır. Ona görə düşünürəm ki, Pakistanın 8-ci, Türkiyənin 11-ci, Azərbaycanın 57-ci və bizi sevməyən ölkələrin bizdən geridə yer alması strateji müttəfiqlərimiz ilə bərabər təhlükəsizliyi təmin edə biləcək bir orduya malik olduğumuzu göstərir", - deyə ekspert bildirib.
"Global Fire Power"ın sıralamasında il yarımdır Rusiyaya müqavimət göstərən Ukrayna ordusunun da mövqeyi 22-dən 15-ci pilləyə yüksəlib. İllərdir dünyanın ən güclü ordularından sayılan rus ordusunun isə hərbi potensialının tükəndiyi hesab edilir. Şirkətin reytinq cədvəlində ilk onluqda yer alan dörd ölkə məhz NATO üzvüdür. Onların müdafiə xərcləri alyansın tələblərini belə ötüb. ABŞ hərbi xərcləri artan inflyasiyaya baxmayaraq 877 milyard dollar təşkil edir ki, bu da qlobal hərbi xərclərin 39 faizini deməkdir. Böyük Britaniyanın hərbi büdcəsi 65, Fransanın 56, İtalyanın 31 milyard dollar təşkil edir.
Qeyd edək ki, Türkiyə öz valyutası ilə müdafiəyə ən çox büdcə ayıran NATO üzvüdür. Qardaş ölkənin 2023-cü ildə ümumi daxili məhsulunun 1,31 faizini təşkil edən müdafiə xərcləri 339,9 milyard türk lirəsinə çatıb. Azərbaycanda müdafiə xərclərinə gəlincə isə 2023-cü ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərclər 6 milyard 54 milyon 844 min 623 manata çatdırılıb.