AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ BUNDAN SONRA DA UĞURLA İNKİŞAF EDƏCƏKDİR
Nazir diplomatı salamlayaraq, onu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan-Pakistan əlaqələrinin təməlinin 1995-1996-cı illərdə hər iki ölkə Prezidentlərinin Bakıda və İslamabadda keçirdikləri görüşlər zamanı qoyulduğunu vurğulamış və demişdir ki, Azərbaycanla Pakistan arasında bir neçə sahədə saziş imzalanmışdır. 2000-ci ildə Prezident Heydər Əliyev Tehranda İslam Konfransı Təşkilatının iclası zamanı Prezident Pərviz Müşərrəf ilə görüşmüş, iki dövlət arasında əməkdaşlığın perspektivləri haqqında geniş fikir mübadiləsi aparmışdır. Silahlı Qüvvələrimiz arasında da əlaqələr yaranmış və ilbəil inkişaf etməkdədir.
Səfir Məhəmməd Hafiz ötən ilin noyabrından işə başladığını, Pakistan-Azərbaycan ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu, regional və beynəlxalq tədbirlərdə ölkələrimizin mövqeyinin eyniliyini xatırlatmış, yaxın vaxtlarda Prezident Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfərə gələcəyini və bu səfərin münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcını qoyacağını söyləmişdir.
Pakistanlı diplomat demişdir ki, müdafiə sahəsində əməkdaşlığımız arzuolunan səviyyədədir. Etimadnaməmi Prezident İlham Əliyevə təqdim edərkən, o, Azərbaycan-Pakistan hərbi əlaqələrinin vəziyyətinə xüsusi diqqət yetirmişdir.
General-polkovnik Səfər Əbiyev ölkələrimiz arasında müdafiə və hərbi əməkdaşlıq haqqında saziş imzalandığını nəzərə çarpdıraraq demişdir ki, Prezident Pərviz Müşərrəfin Azərbaycana səfərini biz də gözləyirik. Azərbaycanın Pakistan xalqına və Prezident Pərviz Müşərrəfə böyük ehtiramı vardır. Əminəm ki, Azərbaycan-Pakistan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir.