Azərbaycan-Pakistan əməkdaşlığı regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir - Politoloq
Bakı, 15 iyun, AZƏRTAC
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri Azərbaycan-Pakistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Pakistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Onun fikrincə, 44 günlük Vətən müharibəsi dövründə Pakistan beynəlxalq hüququn, haqq-ədalətin yanında yer aldı, Azərbaycan torpaqlarının işğalına birmənalı şəkildə qarşı çıxdı. Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana yanaşması dost-qardaş münasibətləri kontekstində olub. Bu gün Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. Həmçinin Azərbaycanın Pakistanla əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxşaxəlidir.
“Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri müxtəlif təlimlərdə və beynəlxalq tədbirlərdə birlikdə iştirak edirlər. Prezident İlham Əliyev ölkəmizlə Pakistan arasındakı hərbi əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi ilə bağlı açıqlama verdi ki, bu da böyük əhəmiyyətə malikdir. Ümumilikdə Azərbaycanın Pakistan kimi müasir silahlara və hərbi siyasətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi çox vacibdir",- deyə politoloq vurğulayıb.
T.İsmayılov əlavə edib ki, Pakistan tərəfi, həmçinin Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh bağlayacağı təqdirdə bərpa edəcəyini söyləyir: “Pakistanın Baş nazirinin bunu Azərbaycanda ifadə etməsi, eyni zamanda, Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etməsi çox önəmli diplomatik mesajlardan biridir. Düşünürəm ki, Azərbaycan-Pakistan əməkdaşlığı həm də regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir”.