İDMAN
Azərbaycan Premyer Liqası: Yeni mövsüm məhsuldar başlayıb
Bakı, 7 avqust, AZƏRTAC
Misli Premyer Liqasının 2023-2024-cü mövsümü məhsuldar başlayıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, birinci turun beş oyununda 15 qol qeydə alınıb.
“Səbail” - “Sumqayıt” (1:4) və “Sabah” - “Qəbələ” (5:0) görüşlərinin hərəsində 5, “Araz-Naxçıvan” - “Turan Tovuz” (0:3) matçında 3, “Qarabağ” - “Zirə” (0:1) və “Kəpəz” - “Neftçi” (1:0) oyunlarında 1 top vurulub.
İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son altı mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici sonuncu dəfə 2017-2018-ci illər mövsümündə olub. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun 4 matçında qapılardan 13 qol keçirilib.
Həmin vaxt “Neftçi” - “Qarabağ” (1:3) oyununda 4, “İnter” - “Qəbələ” (1:2), “Sumqayıt” - “Kəpəz” və “Zirə” - “Səbail” (hər ikisi 2:1) matçlarının hərəsində 3 qol vurulub.