AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVSTRİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Prezident sarayında Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marius Kalligarisin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Marius Kalligaris etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi, onu yeni təyinatı münasibətilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı dedi ki, Azərbaycanla Avstriya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir. Siz burada səfir kimi fəaliyyətə başlayırsınız və əminəm ki, fəaliyyətiniz əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəkdir.
Səfir Prezident İlham Əliyevə təşəkkür edərək dedi ki, biz artıq 15 ildir Azərbaycanla diplomatik əlaqələr qurmuşuq. Siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir. Eyni zamanda, əlaqələrimizin genişləndirilməsi üçün potensial daha böyükdür. Hesab edirik ki, bu potensialdan əlaqələrimizin daha da dərinləşdirilməsi üçün istifadə etməliyik.