RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKIYA GƏTİRİLMİŞ YENİ SƏRNİŞİN AVTOBUSLARINA BAXMIŞDIR
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxmışdır.
Bakı şəhərində yolların ən yüksək standartlara uyğun olaraq əsaslı şəkildə yenidən qurulması, yeni körpülərin və yolötürücülərin inşa edilməsi paytaxtımızda müasir ictimai nəqliyyat növlərinə tələbatı daha da artırmışdır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Bakı şəhərinin müasir tələblərə cavab verən sərnişin avtobusları ilə davamlı olaraq təmin edilməsinə başlanmışdır. Azərbaycan Prezidentinin Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair sərəncam və göstərişlərinə uyğun olaraq, sərnişin avtobuslarının növbəti hissəsi paytaxta gətirilmişdir.
Dövlətimizin başçısına yeni avtobusların texniki göstəriciləri, hərəkət marşrutlarının sxemi barədə məlumat verildi. Bildirildi ki, Koreya Respublikasının “Daewoo” şirkətinin istehsalı olan bu avtobuslar rahatlığı və müasirliyi ilə diqqəti cəlb edir. Avtobusların uzunluğu 11,940 metr, eni 2,5 metr, hündürlüyü isə 3,2 metrdir. Dizel mühərikki ilə işləyən avtobusların yanacaq tutumu 260 litr, yanacaq sərfiyyatı isə hər 100 kilometrə 38 litrdir. Salonunda 31 oturacaq olan avtobuslar ümumilikdə 85 sərnişini birdəfəyə aparmaq imkanına malikdir. Yeni avtobuslar əsasən 325, 309, 70, 137 saylı marşrutlarda işləyəcəkdir. Şəhərin mərkəzindən paytaxtın müxtəlif yaşayış məntəqələrinə sərnişin daşıyacaq avtobusların tıxacların aradan qaldırılması baxımından da əhəmiyyəti qeyd edildi. Yeni avtobuslar marşruta buraxıldıqdan sonra paytaxt sakinlərinin gediş-gəlişi də xeyli asanlaşacaqdır. Dözümlülüyü ilə fərqlənən avtobusların oturacaqlarının geniş və yumşaq, qapılarının isə minib-düşmək üçün rahat və təhlükəsiz olduğu bildirildi. Müasir tələblərə tam cavab verən avtobusların sürücüləri üçün isə xüsusi formalar nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev yeni avtobuslarla yaxından tanış oldu. Dövlətimizin başçısı sükan arxasına əyləşərək, yeni nəqliyyat vasitəsini sınaqdan keçirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin yol-nəqliyyat sisteminin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.
######