AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “DÖVLƏT BAYRAĞI” MEYDANININ YERLƏŞƏCƏYİ ƏRAZİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də “Dövlət bayrağı” meydanının yerləşəcəyi ərazi ilə tanış olmaq üçün paytaxtın Bayıl qəsəbəsinə - Hərbi Dəniz Qüvvələrinin bazasına gəlmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, “Dövlət bayrağı” meydanının yeri relyef baxımından standartlara cavab verir. Bu ərazi Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradacaqdır. Bundan başqa, layihənin icrası ilin bütün aylarında turistlərin və paytaxta gələn qonaqların buraya cəlb olunması baxımından da əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev “Dövlət bayrağı” meydanının yerləşəcəyi ərazi ilə yaxından tanış oldu, ətrafı seyr etdi. Dövlətimizin başçısına məlumat verildi ki, tezliklə meydanın təməli qoyulacaq və inşaat işlərinə başlanacaqdır. 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün infrastruktur yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin ən yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.