RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FƏLƏSTİN MUXTARİYYƏTİNİN ÖLKƏMİZDƏ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Prezident sarayında Fələstin Muxtariyyətinin ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əsəd Əbdülmunim əl-Əsədin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Əsəd Əbdülmunim əl-Əsəd etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev səfirlə söhbət edərək, diplomatik fəaliyyətində ona uğurlar arzuladı və dedi ki, sizin Azərbaycanda səfir təyin olunmağınız əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəkdir.
Səfir Əsəd Əbdülmunim əl-Əsəd Fələstin Muxtariyyətinin Azərbaycanda ilk səfiri olmasından şərəf duyduğunu bildirdi. O əminliklə dedi ki, xalqlarımız arasında olan əlaqələr bundan sonra daha da genişlənəcək və inkişaf edəcəkdir.