AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MALAYZİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın13-də Prezident sarayında Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Saipul Anuar Əbd Muinin etimadnaməsini qəbul etmişdir.
Dato Saipul Anuar Əbd Muin Prezident sarayında Fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və diplomatik nümayəndəliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi, onu yeni təyinatı münasibətilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı dedi ki, ümidvaram, Azərbaycanda səfir kimi fəaliyyətiniz dövründə əlaqələrimiz inkişaf edəcəkdir. Biz artıq Malayziyada səfirlik açmışıq və səfir təyin etmişik. Bu da onu göstərir ki, biz ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində maraqlıyıq.
Səfir Dato Saipul Anuar Əbd Muin Azərbaycanda səfir kimi işlədiyi müddətdə əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğuladı. O, ölkəsinin ali başçısı, əlahəzrət Tuanku Mizan Zeynal Abidin ibn əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şahın salamını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı Malayziyanın ali başçısının salamına görə minnətdarlığını bildirdi və özünün də salamını ona çatdırmağı xahiş etdi.