AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NİDERLANDIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Prezident sarayında Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsel Kurperşoyekin etimadnaməsini qəbul etmişdir.
Marsel Kurperşoyek Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və diplomatik nümayəndəliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi, onu yeni təyinatı münasibətilə təbrik edərək, işində uğurlar arzuladı.
Səfir Marsel Kurperşoyek Niderlandın Kraliçası Beatriksin salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə və xalqına çatdırdı.
Dövlətimizin başçısı onun da salamlarını ülyahəzrət Kraliçaya çatdırmağı səfirdən xahiş etdi.
Prezident İlham Əliyev bildirdi ki, Niderlandın ölkəmizdə səfirinin təyin olunması əlaqələrimizin daha da möhkəmlənməsinə və münasibətlərimizin daha geniş sahələrini əhatə etməsinə xidmət göstərəcəkdir.