AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QANANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Prezident sarayında Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edvard Apau Monteyin etimadnaməsini qəbul etmişdir.
Edvard Apau Montey Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və diplomatik nümayəndəliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Qanalı diplomat Edvard Apau Montey ölkəsinin Prezidenti Con Kofi Aqiyekum Kufuorun Azərbaycan Prezidentinə və xalqına salamlarını və firavanlıq arzularını çatdırdı.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəkdir.