AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XALQ ARTİSTİ HABİL ƏLİYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Prezident sarayında xalq artisti Habil Əliyevi qəbul etmiş, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona “İstiqlal” ordenini təqdim etmişdir.
Xalq artisti Habil Əliyev dövlətimizin başçısına müraciətlə dedi:
-Möhtərəm cənab Prezident, Sizə təşəkkür edirəm. Mən televiziya kanallarına da müsahibə vermişəm. Siz bu yüksək mükafatı, ordeni verməklə mənə ömür də verdiniz, həyat da verdiniz. Sizə təşəkkür edirəm, neçənci dəfədir ki, mənə belə diqqətinizi sübut edirsiniz. Allah Sizi bu xalqın üstündən əskik etməsin.
Prezident İLHAM ƏLİYEV görkəmli kamança ustasına təşəkkür edərək dedi:
-Sağ olun, mən sizi təbrik edirəm. Siz buna layiqsiniz, böyük xidmətlər göstərmisiniz. Uzun illər ərzində Azərbaycan xalqına böyük xidmətlər göstərmisiniz, bizim milli musiqimizin, mədəniyyətimizin inkişafında sizin çox böyük rolunuz var. Siz bu yüksək mükafata layiqsiniz. Ona görə mən sizi təltif etdim və bu gün istədim ki, şəxsən özüm sizə “İstiqlal” ordenini təqdim edim.
Dövlətimizin başçısı İlham Əliyev “İstiqlal” ordenini xalq artisti Habil Əliyevə təqdim etdi.
HABİL ƏLİYEV: Cənab Prezident, Sizə çox təşəkkür edirəm. Rəhmətlik ümummilli liderimiz bu xalq üçün, respublika üçün çox böyük işlər görübdür. Sizin haqqınızda söz demək çətindir. Çünki sözün gücü çatmır, söz acizdir.
İLHAM ƏLİYEV: Sağ olun. Mən çalışıram ki, öz işimlə ölkəmizin inkişafına töhfə verim. Əsas məqsədim budur ki, ölkəmiz inkişaf etsin, qüdrətlənsin, insanlar yaxşı yaşasınlar, əmin-amanlıq, sülh olsun və mehribançılıq olsun. Ölkəmizin gələcəyi çox gözəldir. İndiki vəziyyəti də yaxşılaşır. Ona görə biz hamımız birlikdə ölkəmizin inkişafında iştirak edəcəyik. Siz də buna hazır olun. Baxmayaraq ki, 80 yaşınız tamam olub, ancaq siz həmişə cavansınız.
HABİL ƏLİYEV: Sizin bu mükafatınız ömrümü uzatdı, mən buna inanıram. Sizə bir daha təşəkkür edirəm.