AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
- İlk növbədə, mən səylərimizin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarla və GUAM-a güclü dəstək verən ölkələrlə əməkdaşlığın gücləndirilməsi baxımından vacib olan maraqlı ideya və bəyanatlara görə bütün natiqlərə təşəkkürümü bildirmək istəyirəm.
Bu gün çıxış edən bir sıra tərəflərin artıq qeyd etdiyi kimi, GUAM 10 il ərzində ciddi beynəlxalq təşkilata çevrilmişdir. Beynəlxalq təşkilat beynəlxalq münasibətlər, əməkdaşlıq və regional təhlükəsizlik kimi sahələrə müəyyən töhfə verəcək bir qurumdur. Eyni zamanda, bu təşkilat beynəlxalq ictimaiyyət tərəfindən tanınır. GUAM çərçivəsində biz həmin məqsədlərə nail olduq. Biz beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız tərəfindən tanınırıq.
Eyni zamanda, təşkilatımız regional əməkdaşlığa böyük töhfə verir. Bu gün burada qeyd edildi ki, Xəzər-Qara dəniz-Baltik dənizi regionu, xüsusən də, GUAM-ın fəaliyyəti sayəsində bir-birinə daha da yaxınlaşır. Prezident Adamkus ən ilk vaxtlardan işimizə böyük dəstək vermişdir. Baltikyanı digər ölkənin başçısı, Latviya Prezidenti, Avropa İttifaqına üzv olan Rumıniyanın Prezidenti Besesku, Polşanın Prezidenti Kaçinski isə Bakıda iyunda keçirilmiş zirvə görüşünün qonaqları idilər. Bakı sammiti və Bəyannaməsi əməkdaşlığımız üçün yeni perspektivlər açan, irəliyə doğru atılan çox mühüm addım oldu.
Biz təşkilatımız daxilində tərəfdaş və dost kimi işləyirik. Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər var. Artıq qeyd etdiyim kimi, bu gün ən vacibi isə ondan ibarətdir ki, məqsədlərimiz, ideyalarımız və gələcək üçün baxışlarımız üst-üstə düşür.
Biz artıq enerji təchizatının şaxələndirilməsi prosesinə töhfə veririk. Hasilatçı və istehlakçılar üçün təchizatın şaxələndirilməsi çox vacibdir. Təşkilatımızda hasilatçı və istehlakçılar var və biz vahid heyət kimi işləyirik. Belə hallar dünyada heç də həmişə olmur.
Başqa sözlə desək, artıq təşkilatımız təhlükəsizlik, sabitlik, əməkdaşlıq, ticarət münasibətləri, enerji tərəfdaşlığı, daşınma sahələrində mühüm rol oynaya bilər. Biz enerji dəhlizini açmışıq, indi isə, Xəzər dənizi regionundan Qara dəniz və Baltik dənizi regionuna doğru daşıma dəhlizini açmaqdayıq.
Bu baxımdan, hesab edirəm və əminəm, siz də bu fikirlə razısınız ki, GUAM-ın çox parlaq gələcəyi var. Əminəm ki, Avropa İttifaqı ilə yanaşı, digər tərəfdaşlarımız ilə də əməkdaşlığımız daha da artacaqdır. Prezident Adamkusun qeyd etdiyi kimi, Avropa İttifaqı GUAM ilə daha fəal tərəfdaşlıq etməyi nəzərdən keçirir və bu, bizə əlavə güc verir.
Mən ev sahibi olan Litva tərəfinə və bütün iştirakçılara bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bizə etimad göstərən, təşkilatımızın gələcəyinə inanan tərəflərin hamısına təşəkkür edirəm. Əminəm ki, bu tərəfdaşlıq genişlənəcəkdir. Bu gün bizim təşkilatımızın daxilində güclü təşkilati quruluş var. Bizim tərəfdaşlarımız və güclü dəstək verənlərimiz, o cümlədən gələcək işlərimiz barədə aydın baxışlarımız var.
Zirvə görüşünün bütün iştirakçılarına minnətdarlığımı bildirmək istəyirəm və sizin ölkələrinizə, xalqlarınıza uğurlar arzulayıram. Əminəm ki, gələcək tərəfdaşlığımız bugünkü kimi uğurlu olacaqdır.
Nəhayət, sonda mən GUAM-ın Vilnüs zirvə görüşünün Birgə Bəyanatının qəbul olunmasını təklif edirəm. Bəyanatın layihəsi sizin qarşınızdadır. Əgər hər hansı şərhləriniz və ya qeydiniz varsa, onları bildirə bilərsiniz. Onun mətni əvvəlcədən razılaşdırılıb və zənnimcə, tam aydındır. Belə olan halda, icazənizlə, mən bu bəyanatı qəbul olunmuş kimi hesab edirəm.
Çox sağ olun.
X X X
Sonra görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.