Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Bu ilin altı ayının yekunları onu göstərir ki, Azərbaycanın əldə edilmiş uğurları bizə istənilən çətin vəziyyətdən şərəflə çıxmağa imkan yaradır. Burada deyildi ki, son bir il ərzində - keçən ilin ortalarından başlayaraq bu günə qədər dünyada ciddi maliyyə və iqtisadi böhran hökm sürür və ola bilsin ki, bundan sonra da hələ müəyyən müddət davam etsin. Heç kim heç bir proqnoz verə bilmir.

Bu böhran nəyi göstərdi? Birincisi, qlobal maliyyə bazarlarında gedən əməliyyatlar və dünyanın inkişafı ilə əlaqədar səslənən müxtəlif fikirlər, tədbirlər göstərir ki, dünyada iqtisadi vəziyyət nə qədər həssasdır. Bir də onu göstərir ki, dünyanın bütün ölkələri bir-birinə bağlıdır. Baxmayaraq ki, inkişaf etmiş ölkələrin maliyyə əməliyyatları nəticəsində, demək olar, böhran bütün dünyanı bürüyüb, hətta böhranın yaranmasında, mövcudluğunda heç bir təsiri, iştirakı olmayan ölkələr də bu böhrandan əziyyət çəkir. Belə olan halda, hər bir ölkə öz iqtisadi təhlükəsizliyi haqqında fikirləşməlidir. Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda, öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda, son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur.

Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq. Yenə də deyirəm, böhran onu göstərdi ki, bu, düzgün seçimdir, düzgün yoldur və əminəm ki, biz növbəti illərdə də bu yolla gedəcəyik.

Eyni zamanda, böhran onu göstərdi ki, elə ölkələr var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin yardımına möhtacdır və bu yardımları alırlar. Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez qaytarılmalıdır və bu yardımı edənlər də müəyyən şərtlər irəli sürür. Azərbaycan o nadir ölkələrdəndir ki, nəinki heç kimə yardım üçün müraciət etməyib, eyni zamanda, bizə dəfələrlə başqa yerlərdən kreditlərin verilməsi ilə əlaqədar müraciətlər daxil olmuşdur.

Bizim iqtisadi vəziyyətimiz sabitdir, sosial vəziyyət yaxşıdır. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz azalıb və neftin qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən investisiya layihələri bir az yubadılıb, ancaq biz bütün sosial proqramları icra edirik. Çünki ən əsası insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. İlk növbədə, bütün sosial proqramlar - pensiyalar, əmək haqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir.

Azərbaycanda makroiqtisadi vəziyyət çox yaxşıdır. Qeyd etdiyim kimi, inflyasiya cəmi 3,7 faiz təşkil edir. Manat sabitdir. Başqa ölkələrdən fərqli olaraq, bizim milli valyutamız devalvasiyaya uğramayıbdır. Bu da çox önəmli iqtisadi və sosial göstəricidir. Çünki bəzi ölkələrdə süni şəkildə devalvasiya etməklə, yerli istehsalçıların imkanlarını təşviq etmək məqsədləri güdülürdü. Biz də buna gedə bilərdik. Ancaq nəzərə alsaq ki, ilk növbədə, insanların həyat səviyyəsi haqqında düşünməliyik, biz buna getmədik. Azərbaycan iqtisadiyyatı və milli valyutamız sabit qalmaq üçün kifayət qədər güclüdür və əminəm ki, gələcək aylarda bu sahədə heç bir dəyişiklik olmayacaqdır.

İqtisadi vəziyyət, əlbəttə ki, təkcə makroiqtisadi göstəricilərlə ölçülmür. Halbuki, bu, ən önəmli göstəricidir. Yenə demək istəyirəm ki, əhalinin pul gəlirləri, orta əmək haqqı 15-19 faiz artmaqla yanaşı, inflyasiyanın 3,7 faiz səviyyəsində olması çox gözəl göstəricidir. Əvvəlki illərdə inflyasiya daha böyük rəqəmlərlə ölçülürdü. Keçən il 20 faiz təşkil edirdi. Düzdür, keçən il iqtisadi artım da daha yüksək idi. Ancaq əminəm ki, növbəti illərdə, uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı daha da yüksək sürətlə artacaqdır. Çünki bizim kifayət qədər maliyyə resurslarımız var. Bu il və növbəti illər ərzində infrastruktur layihələrinə sərmayələr qoyulur və qoyulacaqdır, kreditləşmə siyasəti aparılır.

Eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin gələcək fəaliyyəti nəticəsində ölkəmizə böyük həcmdə xarici sərmayələr, daxili sərmayələr qoyulacaqdır. Bu yaxınlarda imzalanmış yeni neft-qaz layihələri üzrə əməli-praktik işlər gələn ildən başlanacaqdır. “Şahdəniz” layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı konkret tədbirlər görülür. Dünya miqyasında bu böyük, nəhəng layihənin icrası nəticəsində təkcə “Şahdəniz” qaz yatağına 20 milyard dollara yaxın vəsait qoyulacaqdır. Yəni bütün bunlar real proqramlardır, real işlərdir. Biz gündəlik fəaliyyətlə bu nəticələri təmin edirik.

Əlbəttə ki, neft-qaz sektorunda əldə edilən uğurlar çox müsbətdir, bu barədə mən öz fikirlərimi kifayət qədər bildirdim. Ancaq biz gələcəyə baxmalıyıq. Biz öz enerji potensialımızı maksimum səviyyədə realizə etməliyik. Xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanın çox gözəl imkanları var. Biz özümüzü etibarlı tərəfdaş kimi göstərdik və Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir.

Böhranla bağlı bir daha demək istəyirəm ki, əlbəttə ki, o, heç kimi sevindirə bilməz. Amma digər tərəfdən, bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi. İlk növbədə onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir. Belə olan halda, sosial proqramların davam etdirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcəkdir. Yoxsulluğun azaldılmasına dair bu vaxta qədər görülən tədbirlər davam etdirilməlidir. Hələ ki, demək tezdir, ancaq mən hesab edirəm ki, Azərbaycanda yoxsulluğun azaldılması meyilləri davam etdirilməlidir. Sosial infrastrukturun yeniləşdirilməsi və tikintisi, xəstəxanaların, məktəblərin tikintisi və s.

ilə bağlı proqramlar, büdcədə nəzərdə tutulmuş investisiya layihələri icra olunmalıdır.

Bu gün kənd təsərrüfatı naziri bildirdi ki, Azərbaycanın tarixində ilk dəfə olaraq, biz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Nəyin hesabına biz buna nail ola bilmişik? Mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, “Aqrolizinq”in yaradılması hesabına. Bu gün deyildi ki, “Aqrolizinq” xətti ilə nə qədər texnika, kombayn, traktorlar alınıb, digər lazımi məsələlər həll olunubdur. Əgər biz “Aqrolizinq”i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin açılmasına, yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir. Beləliklə, Azərbaycan sənayesi üçün yeni sahə yaradılır.

“Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir. Bu barədə mən öz fikirlərimi deyəcəyəm. Ancaq çalışmalıyıq ki, kənd təsərrüfatımızın intensiv xarakter alan inkişafı bundan sonra da uğurla getsin.

Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Buna çatmaq üçün artıq az vaxt qalıb və öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır. Yəni bütün bunlar kompleks tədbirlər nəticəsində - ciddi düşünülmüş siyasət, maliyyə resursları, sahibkarlığın inkişafı, “Aqrolizinq”in yaradılması, subsidiyaların, kreditlərin verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi nəticəsində qısa müddət ərzində mümkün olmuşdur.

Sovet dövründə Azərbaycan heç vaxt özünü ərzaq məhsulları ilə təmin etmirdi. Biz ərzaq təhlükəsizliyi məsələlərini, demək olar ki, bu il həll etmişik. Növbəti illərdə, sadəcə, əldə edilmiş uğurlar əsasında daha da geniş işlər aparılmalıdır. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Bölgələrdə böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə tutulur. Bu, həm sahibkarların öz vəsaiti hesabına olmalıdır, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış kreditlər hesabına bunu etməliyik.

Eyni zamanda, biz bu sahədə Azərbaycan Dövlət İnvestisiya Şirkətindən fəaliyyət gözləyirik. Düzdür, Azərbaycan Dövlət İnvestisiya Şirkəti daha çox xarici investisiyaların cəlb edilməsi üçün yaradılmışdır. Ancaq, eyni zamanda, bu şirkət Azərbaycan iqtisadiyyatında daha çox prioritet xarakter daşıyan sahələrdə yerli investorlarla da uğurlu əməkdaşlıq edə bilər. Hesab edirəm ki, növbəti ildə dövlət büdcəsində Azərbaycan Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılması məsələləri də öz həllini tapmalıdır. Çünki bu vaxta qədər ayrılmış vəsaitin, demək olar ki, böyük hissəsi xərclənib, bir hissəsi də xərclənəcəkdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin hər il əlavə maliyyə resursları olmalıdır ki, biz bu vəsaiti lazımi sahələrə yönəldək.

Xüsusilə qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycanda dövlət tərəfindən ayrılmış vəsait hesabına Xəzər Dəniz Gəmiçiliyi bir neçə böyük tanker almışdır. Bu tankerlər bütün müasir standartlara cavab verir və Xəzərdə yükdaşımalarının artırılması üçün də çox böyük əhəmiyyəti var. Nəzərə alsaq ki, bir neçə ildən sonra Xəzərin şərq sahilindən böyük həcmdə neft və neft məhsullarının daşınması gözlənilir, əlbəttə ki, bu tankerlərin alınması vaxtında görülmüş tədbirlər idi. Növbəti illər ərzində həm Xəzər Dəniz Gəmiçiliyi üçün, həm də Dövlət Neft Şirkətinin donanması üçün çoxsaylı gəmilər - yük gəmiləri, tankerlər alınmalıdır. Məhz bu məqsədlə artıq bir neçə ildir xarici şirkətlərlə danışıqlar aparılır ki, Azərbaycanda, Bakıda ən müasir standartlara cavab verən gəmiqayırma zavodu tikilsin.

Artıq xarici investorlar da seçilib və onlarla bərabər Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət İnvestisiya Şirkəti də bu işlərdə iştirak etməlidir. Elə etmək lazımdır ki, gələn ildən biz gəmiqayırma zavodunun tikintisinin başlanmasına nail olaq, qısa müddət ərzində bunu yaradaq. Bu, elə zavod olmalıdır ki, istənilən gəmiləri inşa edə bilsin. O cümlədən zavodda hərbi təyinatlı gəmilər də inşa edilməlidir.

Azərbaycan Dövlət İnvestisiya Şirkətinin digər layihələri də nəzərdən keçirilir. Təqdim ediləndən sonra biz onları təsdiqləyərək tezliklə işə başlamalıyıq.

Sahibkarlığa Kömək Milli Fondundan ayrılan kreditlərin verilməsi davam edir. Bildiyimə görə, nəzərdə tutulmuş məbləğin təxminən 40 faizi artıq xərclənibdir. Çalışın ki, tezliklə qalan hissə də xərclənsin, çünki kreditlər nə qədər tez verilərsə, sahibkarlar da bir o qədər tez işə başlaya bilərlər. Bu il 130 milyon manat vəsait nəzərdə tutulur.

Ekoloji tədbirlərin gücləndirilməsi üçün nə lazımdırsa, biz onu edirik. Bildiyiniz kimi, mən bu sahəyə xüsusi diqqət göstərirəm. Çünki xüsusilə Abşeron yarımadasında ekoloji vəziyyətin ciddi şəkildə sağlamlaşdırılmasına böyük ehtiyac var. Biz hamımız bunu bilirik və elə etməliyik ki, Bakı, onun ətrafı, bütün Abşeron yarımadası ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilsin.

Nə üçün məhz bu əraziyə diqqət göstərilir? Çünki Azərbaycanın digər bölgələrində ekoloji vəziyyət çox yaxşıdır, təbiətimiz çox gözəldir. Ancaq Bakıda və Abşeronda neft-qaz hasilatı nəticəsində yaranmış ciddi ekoloji problemlər təxirəsalınmaz tədbirləri gözləyir.

Bu məqsədlə müvafiq proqramlar başlanmışdır. Milyonlarla yeni ağacın əkilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Dövlət Neft Şirkətinin iştirakı ilə neftlə çirklənmiş bütün yerlərin təmizlənməsi, onların yerində parkların salınması, Xəzər dənizinin Bakı buxtasının təmizlənməsi - bütün bunlar təxirəsalınmaz tədbirləri nəzərdə tutur.

Beləliklə, biz bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına nail ola bilərik. Keçən müşavirədə ciddi xəbərdarlıqdan sonra Bakıda ağacların kəsilməsi, demək olar ki, dayanıbdır, tək-tük hallar var. Onlar da dərhal nəzərə alınır və bu qanunsuz işlərlə məşğul olan insanlar cəzalandırılır. Bu nəzarət yerli icra orqanları tərəfindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən və bütün ictimaiyyət tərəfindən daim olmalıdır.

Mən çox şadam ki, ictimaiyyət də bu məsələlərə çox müsbət yanaşır və nəinki yanaşır, ictimaiyyət tərəfindən verilmiş siqnallar dərhal tədbirlərin görülməsinə səbəb olur. Bir daha demək istəyirəm ki, Bakı şəhərində ağacların qanunsuz kəsilməsi dayandırılmalıdır və şadam ki, qısa müddət ərzində biz bu sahədə ciddi dönüşə nail ola bildik.

Yol tikintisi ilə əlaqədar, məcburi qaydada yolların genişləndirilməsi ilə bağlı bəzi ağacların kəsilməsi labüddür, amma onların yerinə əlavə ağaclar əkilməlidir. Bu istiqamətdə işlər gedir.

Bakıda tezliklə məişət tullantıları zavodunun tikintisi başlanmalıdır. Biz bu məsələ ilə bağlı uzun illərdir ki, məşğuluq. Müxtəlif şirkətlərin təklifləri daxil olubdur. Bildiyimə görə, artıq bütün tədbirlər görülüb və biz tezliklə zavodun tikintisinə başlamalıyıq. Çünki bu zavodun olmaması şəhərin havasının çirklənməsinə çox böyük mənfi təsir göstərir. Balaxanıda yandırılan məişət tullantılarının tüstüsü bütün şəhəri bürüyür. Ona görə işə nə qədər tez başlasaq, bir o qədər yaxşıdır.

İçməli su təchizatı ilə əlaqədar görülən tədbirlər gözəl nəticəsini verir. Ekologiya və təbii sərvətlər naziri qeyd etdi ki, 200 mindən artıq əhali içməli su ilə təmin edilibdir. Görüləcək tədbirlər nəticəsində Kür-Araz çayları boyu və digər çaylar ətrafında yerləşən kəndlərdə yaşayan insanların hamısı təmiz içməli su ilə təmin ediləcəkdir. O insanların sayı bir milyona yaxındır. Yəni biz böyük bir sosial və səhiyyə məsələsini həll etmiş oluruq.

Bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi gedir və inşaat daha da sürətlə getməlidir. Bununla bərabər, Bakıda müxtəlif yerlərdə su anbarları tikilməlidir. Bu proses də başlanmışdır. Gələn ilin büdcəsi hesabına daha da böyük su anbarlarının tikintisi nəzərdə tutulubdur. Çünki əgər su anbarları tikilməsə, o zaman Oğuz-Qəbələ kəməri ilə gələn suyu saxlamaq mümkün olmayacaq və onun səmərəsi aşağı düşəcəkdir.

Bir müddət bundan əvvəl Azərbaycanda çox böyük Şəmkirçay su anbarının təməli qoyuldu. Bu, böyük, ölkəmiqyaslı layihədir. Layihənin icrası nəticəsində on minlərlə hektar torpaq suvarılacaq və kənd təsərrüfatı istehsalına böyük təkan veriləcəkdir. Eyni zamanda, qərb bölgəsində içməli su probleminin böyük hissəsini həll edəcəkdir. Hesab edirəm ki, bu layihəyə çox ciddi fikir verilməlidir. Gələn ilin büdcəsində də vəsait nəzərdə tutulacaqdır. Çalışmalıyıq ki, maksimum 3 il ərzində Şəmkirçay su anbarı istifadəyə verilsin.

Bu yaxınlarda mən alternativ enerji mənbələri ilə əlaqədar agentliyin yaradılması haqqında müvafiq Sərəncam imzaladım. Biz bu sahəyə çox ciddi fikir verməliyik.

Düzdür, bu vaxta qədər biz bu işlərlə ciddi məşğul olmurduq. Bu da təbiidir, çünki bizim üçün ilk prioritet ondan ibarət idi ki, öz enerji təhlükəsizliyimizi təmin edək. Azərbaycanda son illər ərzində tikilən yeni elektrik stansiyaları bu məsələni həll edibdir. Biz bu gün artıq nəinki xarici enerji mənbələrindən asılı deyilik, eyni zamanda, ilk dəfədir ki, qonşu ölkələrə - Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə elektrik enerjisi ixrac edirik. Naxçıvandan Türkiyəyə 20 meqavata yaxın elektrik enerjisi ixrac edilir. Bu da çox sevindirici haldır.

Beləliklə, bu gün bizim elektrik enerjisi resurslarımız ölkə tələbatından təxminən min meqavat çoxdur. Bu yaxınlarda istifadəyə veriləcək yeni stansiyaların fəaliyyəti nəticəsində bu rəqəm daha da artacaqdır. Belə olan halda, biz bundan sonra mütləq alternativ enerji mənbələrinin yaranmasına çalışmalıyıq. İlk növbədə, kiçik çaylarda mini su elektrik stansiyaları tikilməlidir. Mənə verilən məlumata görə, Tovuzçay su elektrik stansiyasının tikintisi ilə bağlı müəyyən işlər görülür. Hesab edirəm ki, yaxın aylarda biz bu məsələni ciddi müzakirə etməliyik və lazım gələrsə, gələn ilin büdcəsindən Tovuzçay su anbarının və elektrik stansiyasının tikintisi ilə bağlı müəyyən vəsait nəzərdə tutmalıyıq. Çünki bu tikinti 3-4 il davam edə bilər. Tovuzçay elektrik stansiyasının enerji potensialı 400 meqavata yaxın ola bilər. Bu, həm çox böyük qənaət olacaq, həm də ki, alternativ enerji mənbələrinin yaranmasına xidmət göstərəcəkdir.

Bununla bərabər, külək və günəş enerjisindən səmərəli şəkildə istifadə etməliyik. Bizdə həm külək kifayət qədərdir, həm də günəş. Belə gözəl təbii imkanlardan biz səmərəli şəkildə istifadə etməliyik. Bu sahəyə yerli və xarici özəl şirkətləri də cəlb etmək olar. Əgər belə bir maraq olarsa, - bildiyimə görə, həm xarici, həm də yerli şirkətlər belə maraq göstərir, - bu sahədə özəl qurumlar da fəaliyyət göstərə bilərlər. Bununla bərabər, hesab edirəm ki, Azərbaycan dövləti gələn ildən başlayaraq dövlət büdcəsi hesabına pilot layihələr kimi həm külək, həm də günəş elektrik enerjisinin istehsalı üçün əməli-praktik işlər görməlidir.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki, Azərbaycan tam şəkildə özünü təmin edib və bizim digər layihələrdə iştirakımız, sadəcə olaraq, imkanlarımızı daha da genişləndirə bilər. Biz enerji təhlükəsizliyi məsələlərində beynəlxalq təşkilatlarla və dost ölkələrlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulur. Enerji sahəsində gələcək əməkdaşlıqda, ilk növbədə, bazar iqtisadiyyatı prinsipləri üstün olmalı, azad rəqabət prinsipləri tam şəkildə təmin edilməli və dünyada mövcud olan presedentlər və praktika bütün gələcək layihələrə də şamil edilməlidir. Bir sözlə, Azərbaycanın neft-qaz ehtiyatları çox böyükdür. Qaz ehtiyatlarımız bizə ən azı 100 il kifayət edəcəkdir. Belə olan halda, əlbəttə ki, biz bu işləri maksimum səmərə ilə görməliyik.

Eyni zamanda, Azərbaycanda mövcud olan qaz anbarlarının genişləndirilməsi üçün əlavə tədbirlər görülməlidir. Son illər ərzində müəyyən işlər görülüb, bu gün bizim yeraltı qaz anbarlarımızın tutumu bir milyard, bir milyard yarım kubmetr həcmindədir. Bu, bizə imkan verir ki, yay aylarında kifayət qədər ehtiyat yaradaq. Ancaq məqsədimiz ondan ibarətdir ki, qaz anbarlarımızın tutumunu 3-5 milyard kubmetrə çatdırmalıyıq. Belə olan halda, qaz ixrac edən ölkə kimi Azərbaycan öz əhəmiyyətini birə on artırmış olacaqdır. Çünki qaz anbarlarının həcmi çox böyük iqtisadi və digər məsələlərin həllinə xidmət göstərəcəkdir. Bütün müvafiq göstərişlər verilib və Dövlət Neft Şirkəti bu işlərlə məşğuldur. Hesab edirəm ki, yaxın zamanlarda bu işlər başlanacaq və tezliklə başa çatacaqdır.

Əhalinin keyfiyyətli qazla təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Bütün ölkədə smartkart tipli sayğaclar quraşdırılmalıdır. Artıq Gəncə şəhərində gözəl təcrübə var. Gəncədə yaradılmış zavod həmin sayğacları istehsal edir. Əhali də bunu çox alqışlayır. Çünki burada nəzarətçi ilə istehlakçı arasında lazım olmayan ünsiyyət kəsilir. Hamımız yaxşı bilirik ki, bəzən xoşagəlməz halların yaranmasına məhz bu ünsiyyət səbəb olur. Ona görə smartkart çox sadə bir üsuldur, müasir bir yanaşmadır. Hər vətəndaş müəyyən pul ödəyib kart alır, kartı sayğaca salır, ondan sonra qazdan istifadə edir, limit bitəndən sonra yenidən pul köçürür. Çox gözəl sistemdir. Çalışmalıyıq ki, ölkəmizin bütün hər bir yerində bu tipli sayğaclar quraşdırılsın.

Növbəti aylarda bütün digər sosial məsələlər, mədəniyyət, idman obyektlərinin tikintisi davam etməlidir. Yeni olimpiya komplekslərinin tikintisi nəzərdə tutulur. Muzeylər, teatrlar təmir edilir, bu sahə də həmişə diqqət mərkəzindədir.

Yolların tikintisi uğurla gedir. Həm magistral yollar, həm şəhərlərarası yollar. Bakının nəqliyyat problemlərinin həlli üçün Dövlət proqramında nəzərdə tutulmuş məsələlər öz həllini tapır və görülən tədbirlər nəticəsində, demək olar, tıxac probleminin həllində də uğurlar qazana bilmişik. Yeni alınmış çox gözəl avtobuslar artıq işləyir. Bütün bunlar insanların rahat yaşaması üçün nəzərdə tutulmuşdur.

Azərbaycanda, Bakıda tikilən yollar həm rahatlığı ilə fərqlənir, həm də gözəlliyi ilə. Bu iki komponent birləşəndə həm insanların normal yaşaması üçün, hərəkət etməsi üçün yaxşı şərait yaradılır, həm də ki, zövqlə tikilmiş gözəl körpülər, yol qovşaqları göz oxşayır.

Bakı şəhərinin və digər şəhər və rayonların abadlıq işlərinə bundan sonra da diqqət göstəriləcəkdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bu, birmənalı belədir və hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə bunu deyə bilər. Bakının tarixi simasını saxlamaq, bərpa etmək şərtilə yeni müasir infrastrukturun yaradılması, əlbəttə ki, şəhərimizə əlavə gözəllik verir. Bizim tarixi yerlərimiz - İçərişəhər bu gün öz tarixi simasını özünə qaytarır. Görülən tədbirlər nəticəsində İçərişəhər YUNESKO-nun, demək olar ki, qara siyahısından çıxarılıbdır. İçərişəhər öz tarixi simasını qorumalıdır. Eyni zamanda, orada təmir-bərpa işləri ancaq o tarixi irsimizi nəzərə almaqla aparılmalıdır. İçərişəhər, eyni zamanda, turistlər üçün də rahat yer olmalıdır və turizmi inkişaf etdirmək üçün orada əlavə infrastrukturun yaradılması da nəzərdə tutulur. Ancaq orada yaradılan, inşa edilən hər bir obyekt ümumi tarixi irsimizə uyğun şəkildə olmalıdır.

Bulvarda geniş abadlıq-quruculuq işləri aparılır. Bir neçə il bundan əvvəl bulvarı zülmət, qaranlıq bürümüşdü, heç kim oraya getmirdi, dağılmış infrastruktur, yararsız vəziyyətə salınmış əyləncə yerləri. İndi görün, bulvar nə qədər gözəlləşibdir. On minlərlə Bakı sakini hər gün orada dincəlir, istirahət edir. Bulvarın genişləndirilməsi və abadlaşdırılması yenə də tarixi əlamətləri nəzərə almaqla həll olunur. Bu il bulvarın 100 illik yubileyi qeyd edilir. Əminəm ki, bulvarın yeni, gözəl, müasir siması bu yubileyə ən gözəl hədiyyədir. Onu da bilirsiniz ki, bizim planlarımızda bulvarın uzadılması məsələsi də dayanır: həm İdman Sarayından Dövlət Bayrağı meydanına qədər, həm də Dəniz vağzalından Nobel prospektinə qədər. Orada lazım olmayan, yararsız vəziyyətə düşmüş köhnə tikililər sökülməlidir. Əlbəttə ki, kompensasiya ödənilməlidir. Bütün o sahə təmizlənməlidir. Bizim planlarımızda yeni gözəl bulvarların salınması da var və yaxın zamanlarda Azərbaycan vətəndaşları bunu da görəcəklər.

Yenə demək istəyirəm, bu ilin altı ayı bir daha onu göstərdi ki, Azərbaycan düzgün yolla inkişaf edir. Bizim bütün addımlarımız özünü doğrultdu - həm iqtisadi sahədə, həm də siyasi sahədə, beynəlxalq məsələlərdə. Bu yaxınlarda gələn ilin büdcəsi üzərində ciddi iş başlanacaqdır. Artıq ilkin təkliflər irəli sürülübdür. Gələn ilin büdcəsi, əlbəttə ki, reallığı nəzərdə tutmalıdır. Həm sosial yönümlü, həm də investisiya yönümlü olmalıdır. Bizim siyasətimiz məhz bu iki amilin sintezindən ibarətdir. Güclü iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə tətbiq edilməsi, bununla bərabər, sosial məsələlərin uğurla həlli bizim sosial-iqtisadi siyasətimizin əsas istiqamətidir.

Növbəti aylarda bütün hökumət üzvlərinə uğurlar arzulayıram. Ciddi işləmək və ölkəmizi bundan sonra da irəliyə aparmaq lazımdır.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib