AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNGÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİ İLƏ GÖRÜŞÜ
Gürcüstanın dövlət başçısı Acarıstanda apardığı danışıqlar barədə ətraflı məlumat verərək bildirdi ki, bu danışıqlardan sonra Gürcüstanın gömrük məntəqələrində və limanlarında qayda-qanun yaradılması üçün xüsusi nümayəndə təyin olunması qərara alınmışdır. Prezident Mixail Saakaşvili vurğuladı ki, Azərbaycan Gürcüstan üçün çox mühüm bir ölkə və ticarət tərəfdaşıdır. Gürcüstanda qayda-qanun yaradılması region ölkələri, xüsusilə də Azərbaycanla normal ticarət əlaqələrinin davam etdirilməsi üçün çox vacibdir.
Prezident İlham Əliyevin Tbilisiyə səfərini səbirsizliklə gözlədiyini xüsusi vurğulayan, Bakıya səfərindən çox məmnun qaldığını və Azərbaycanın dövlət başçısı ilə görüşlərini yüksək qiymətləndirən Prezident Mixail Saakaşvili dedi: “Mən bu gün qardaşım və dostum İlham Əliyev ilə bu görüşə çox tələsirdim. Onu Gürcüstanda çox sevirlər”.
Azərbaycan Prezidenti İlham Əliyev öz həmkarına təşəkkür edərək dedi ki, ölkəmizdə qonşu Gürcüstanda baş verən hadisələri böyük narahatlıqla izləyirlər. Lakin biz əmin idik ki, Gürcüstan Prezidentinin müdrikliyi bu məsələni həll etməyə imkan verəcəkdir. Gürcüstanda sabitlik Azərbaycan üçün çox mühümdür. Ona görə də mən məmnunam ki, bu problem öz həllini tapmışdır. O, Prezident Mixail Saakaşvilinin ölkəmizə səfərini xatırlayaraq yüksək qiymətləndirdi və prezidentlər arasında ilk anlardan dostluq və qardaşlıq münasibətlərinin yarandığını söylədi. Dövlətimizin başçısı dedi: “Azərbaycanda Gürcüstan Prezidentinə böyük ehtiram bəsləyirlər və onun Bakıya uğurlu səfərindən sonra bu hörmət və ehtiram daha da artmışdır”.
Tbilisiyə rəsmi səfər edəcəyini xüsusi vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Gürcüstan və Azərbaycanın dövlət başçıları arasında sıx əlaqələr təkcə rəsmi səfərlər çərçivəsində deyil, habelə işgüzar səviyyədə də davam etdiriləcəkdir. Gərgin iş günündən sonra Gürcüstan rəhbərinin bu görüşə gəlməsi dövlət başçılarının istər ikitərəfli, istərsə də regional problemləri birgə həll etmək əzmini göstərir və onlar Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafı üçün gələcəkdə daha böyük səylər göstərəcəklər.
Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Mixail Saakaşvili dedi ki, Prezident İlham Əliyev Azərbaycanda güclü dövlət yaratdığı kimi, mən də Gürcüstanda güclü dövlət yaratmaq əzmindəyəm.