Azərbaycan Prezidentinin praqmatik siyasi xətti onun siyasi nüfuzunu və xalqın etimadını artırır - ŞƏRH
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevə xalqın 87,7 faizinin etimad göstərməsi təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər bir dövlət xadiminin nüfuzu və əhalinin ona etimadı həyata keçirdiyi işlərdən asılı olur. Prezident İlham Əliyevin Azərbaycanı dünya dövlətləri arasında layiqli yerini tutması üçün gördüyü işləri çox sadalamaq olar. Lakin ən mühüm siyasi addımı Qarabağın işğaldan azad edilməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, hərbi əməliyyatlara başlamaq asan məsələ deyil. Onun hansı nəticələrə gətirib çıxaracağını heç də bütün hərbi və dövlət xadimləri hesablaya bilmir. Prezident İlham Əliyevin strateji düşüncəsi Qarabağın azad edilməsi üçün hərbi əməliyyatların Zəfərlə nəticələnəcəyini deməyə əsas verirdi. Çünki Azərbaycan qan tökülməsini istəməyərək Qarabağı diplomatik yolla işğaldan azad etməyə çalışmaqla yanaşı, ordu quruculuğunu davam etdirirdi, yeni silahlar alır, beynəlxalq aləmdə müttəfiqlərinin sayını artırırdı. Azərbaycanın iqtisadi inkişafını prioritet siyasət elan edən Prezident İlham Əliyev ölkədə qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) payının 70 faizdən çox olmasına, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsinə, ölkəyə 350 milyard dollaradək birbaşa investisiya cəlb olunmasına, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz təşkil etməsinə nail oldu. Cənubi Qafqazın istər iqtisadi, istərsə də siyasi baxımdan ən qüdrətli dövlətinə çevrilən Azərbaycan cəmi 44 gün ərzində Qarabağı işğaldan azad etdi”.
Zaur İbrahimov deyib ki, bu gün bir sıra dövlətlərdə keçirilən sosial tədqiqatların nəticələrinə görə, əhali vergilərin artmasını, inflyasiyanı hökumətə güzəşt edir. Lakin sabitliyin pozulmasını və təhlükəsizliyin təmin olunmamasını bağışlaya bilmir. Bir vacib məsələni qeyd etmək lazımdır ki, sabitlik olmayan dövlətdə iqtisadi inkişafdan danışmaq yersizdir.
“Azərbaycan Prezidenti Qarabağı azad etdikdən sonra regionda sabitliyin təmin olunması üçün beynəlxalq nəqliyyat layihələri üçün geniş infrastruktur yaratdı. Azərbaycan öz üzərindən Ermənistana yüklərin daşınmasına icazə verdi ki, bu da onun beynəlxalq aləmdə sülh siyasəti yürütdüyünü sübuta yetirdi. Bu gün Azərbaycanın şimalında və cənubunda müharibələr gedir. Azərbaycanı da müxtəlif təxribatlarla bu münaqişələrə cəlb etməyə çalışıblar. Lakin Prezident İlham Əliyevin praqmatik siyasi xətti buna imkan verməyib və Azərbaycan sabitlik adası kimi regionda inkişafını davam etdirir ki, bunlar da Prezident İlham Əliyevin siyasi nüfuzunu və xalqın dövlət başçısına olan etimadını artırır”, - deyə o vurğulayıb.