İDMAN
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ OLİMPİYA KOMİTƏSİNƏ
Sizi XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının parlaq qələbəsi münasibətilə Milli Məclisin deputatları adından səmimi qəlbdən təbrik edirik.
İdmançılarımız Afina yarışlarında əzmlə mübarizə apararaq dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə dəyərli töhfələr verdilər. Azərbaycanın Olimpiya yığma komandası bir qızıl və dörd bürünc medal qazanaraq Afinada 202 iştirakçı ölkə arasında komanda hesabında 50-ci, medalların sayına görə isə 37-ci yeri tutmuş, MDB ölkələri arasında isə 5-ci yerə çıxmışdır. Olimpiadanın qızıl medalını qazanmış güləşçi Fərid Mansurov, bürünc mükafatçılar Zemfira Meftahəddinova, İradə Aşumova, Ağası Məmmədov və Fuad Aslanovun qələbəsinə görə bu gün hər bir azərbaycanlı qürur hissi keçirir.
Ümummilli liderimiz Heydər Əliyevin gənc nəslin fiziki və mənəvi tərbiyəsinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər bugünkü nailiyyətlərimizin təməl daşını qoymuşdur. 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsi idman sahəsində tamamilə yeni bir mərhələ açmışdır. Ötən dövrdə onun rəhbərliyi ilə ölkəmizdə Olimpiya hərəkatının genişləndirilməsi sahəsində görülmüş işlər, xüsusən Azərbaycanın bir sıra şəhər və rayonlarında möhtəşəm Olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi idmanın kütləvi xarakter almasına əlverişli şərait yaratmışdır.
Azərbaycanın Afina yarışlarında qazandığı uğurların əsas səbəbi də dövlətimizin başçısının idmançılara göstərdiyi böyük qayğı və diqqətdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin yarışları bilavasitə Afinada izləməsi idmançılarımıza çox böyük dəstək olmuşdur. Prezidentimizin qızıl medala layiq görülmüş güləşçi Fərid Mansurovla avqustun 26-da Afinada görüşməsi, onun sevincinə şərik olması xalqımız tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılandı. Dövlətimizin başçısı, hətta, uğur qazana bilməyən idmançılar haqqında da xoş arzularını bildirmişdir: “Mən medal qazanmayan idmançıları da qeyd etməliyəm. Yarışları izləyərkən çox sevinirdim ki, belə iradəli, cəsarətli idmançılarımız var. ...Görülən bütün işlər öz nəticəsini verməli idi, verdi və bundan sonra daha çox verəcəkdir”.
Olimpiya oyunları inandırıcı şəkildə sübut etdi ki, bütün başqa sahələr kimi, idman sahəsində də xalqımızın çox böyük potensialı və imkanları vardır. İnanırıq ki, idmançılarımız onlara göstərilən etimadı bundan sonra da doğruldacaq və 2008-ci ildə Pekində keçiriləcək növbəti Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini yeni zirvələrə yüksəldəcəklər. Bu yolda hamınıza möhkəm cansağlığı, ailə səadəti, Azərbaycanın sabahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Respublikasının
Milli Məclisi
Bakı şəhəri, 3 sentyabr 2004-cü il.