AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dərbənd şəhərinin sakinləri dünya birliyinin görkəmli siyasətçilərindən biri, Dağıstan xalqlarının böyük dostu Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladılar.
Bəşəriyyət onun simasında sülh və xalqlar dostluğu uğrunda ardıcıl, müdrik mübarizi, Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyinin təşəkkülünə və inkişafına böyük şəxsi töhfə vermiş bir insanı itirdi.
Çox təcrübəli siyasətçilərdən biri kimi şəksiz nüfuza malik olan Heydər Əlirza oğlunun fəaliyyəti bir çox dünya dövlətlərinin liderləri üçün nümunə idi. Biz hamımız bu dahi insanın müasirləri olduğumuzdan qürur hissi duymalıyıq.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqı və onun bütün dünyadakı dostları üçün bu ağır günlərdə inanırıq ki, dövlətə rəhbərliyin, Azərbaycanın iqtisadi tərəqqisi üçün yeni yollar axtarışının, habelə onun siyasi və sosial inkişaf problemlərinin həllinin Heydər Əlirza oğlu tərəfindən təməli qoyulmuş əsas prinsipləri Sizin fəaliyyətinizdə davamını tapacaqdır.
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun obrazı müstəqil Azərbaycanın gələcək nəsilləri üçün parlaq örnək olacaqdır.
Allah rəhmət eləsin!
T.Sultanov
“Dağıstan-Azərbaycan” Regional Dostluq
Cəmiyyətinin sədri, Dərbənd şəhəri
İcra Hakimiyyəti başçısının birinci müavini
Seyid Həşim
Dərbənd şəhərindəki Cümə məscidinin İmamı
Dərbənd, 16 dekabr 2003-cü il.