AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Şöhrətli atanız Prezident Heydər Əliyevin vəfatı xəbəri məni dərindən kədərləndirdi. Bu dahi insan ölkəsinə və xalqına səmimi qəlbdən və şərəflə xidmət etmişdir. O, çətin bir şəraitdə müstəqil və suveren Azərbaycanın möhkəm əsasını qoymuşdur.
Mən mərhum Prezident Heydər Əliyevin qonağı kimi Sizin ölkənizə rəsmi səfər etmişdim. Atanızın əzab çəkən və acınacaqlı vəziyyətdə yaşayan qaçqınları sevərək, onlara qayğı ilə xidmət etdiyini lap yaxından gördüm. Mən həm də Sizin ölkənizin yenidən qurulması üçün atılan addımları gördüm.
Sizin möhtərəm atanız əvvəl Sovet İttifaqı rəhbərliyində olarkən, sonra isə müstəqil dövlətiniz zamanı xalqına uzun müddət xidmət etmişdir. O, daim minnətdarlıqla xatırlanacaqdır. Biz Prezident Heydər Əliyevin Azərbaycan və Pakistan arasında ikitərəfli və İƏT çərçivəsində əlaqələrin inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndiririk.
Çox möhtərəm atanızın vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm. Allah onun ruhunu şad etsin.
Ən xoş arzularla,
Səmimiyyətlə,
Faruq Əhməd Xan Leqari
Pakistan İslam Respublikasının keçmiş prezidenti
İslamabad, 23 dekabr 2003-cü il.